|
|
|
|
Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının foyesində İncəsənət fakültəsinin təsviri incəsənət müəllimliyi ixtisasının III kurs tələbələrinin əl işlərindən ibarət, rəsm əsərləri və dekorativ-tətbiqi sənət nümunələrinin nümayiş olunduğu sərgi ciddi maraq doğurub.
Sərgidə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetdə dövlət başçısının və muxtar respublika rəhbərliyinin böyük dəstək və qayğısı sayəsində yaradılan güclü maddi-texniki bazanın yüksək intellektli, müasir dövrün tələblərinə cavab verən potensiallı kadrların yetişməsinə tam zəmanət verdiyini diqqətə çatdırıb. Natiq, universitetdə dəfələrlə müxtəlif mövzularda rəsm sərgilərinin təşkil olunduğunu, bu ali təhsil ocağında artıq professional rəssamlıq məktəbinin formalaşdığını qeyd edib. Rektor, təkrarsızlığı ilə seçilən növbəti rəsm sərgisinin keçirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Təsviri-incəsənət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, həmin kafedranın müəllimi, gənc rəssam Əzizə Dünyamalıyeva, İncəsənət fakültəsinin tələbəsi Aysel Süleymanova çıxış edərək gənc istedadların üzə çıxarılmasına, onların inkişafına göstərilən dəstək və qayğıdan bəhs ediblər. Vurğulanıb ki, dekorativ-tətbiqi sənətin vitraj, mozaika, muncuqla iş, toxuma, maket və s. sahələri üzrə əsərlər sərgilənir. Sonra sərgiyə baxış olub. Tələbələrdən Leyla Bayramovanın "Azərbaycan simfoniyası", Səma Əliyevanın "Bədii tikmə", Könül Hacıyevanın "Dibçəkdə gül", "Butalar", "Vitraj", Nuranə Novruzovanın "Çay dəstgahı", Çimnaz Gözəlovanın "Natürmort", Vüsalə Cəfərovanın "Yasəmənlər" və s. əsərlər sərgidə nümayiş etdirilir.
Qeyd edək ki, sərgi Konservatoriya binasının foyesində bir neçə gün sənətsevərlərin ixtiyarında olacaq.
Mina QASIMOVA
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı