|
|
|
|
Xalqımız tarixən, müxtəlif əsrlərdə və zamanlarda bədnam qonşularımız tərəfindən təcavüzə məruz qalıb, əzəli dədə-baba torpaqlarında incidilib, didərgin salınıb, deportasiya edilib.
Yüzillər boyu Azərbaycanın tarixi torpaqları kiçildilib, xalqımıza divan tutulub, yüz minlərlə dinc soydaşımız amansız üsullarla qətlə yetirilib. 1905, 1918, 1948, 1988-1993-cü illərdə Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı amansızlıqla, məqsədli şəkildə ərazi iddiaları irəli sürülüb, etnik təmizləmə siyasəti aparılıb. XX əsrin əvvəllərində - 1918-ci ilin 31 martında xalqımıza qarşı soyqırım həyata keçirilib, Azərbaycanın müxtəlif bölgələrində insanlar vəhşicəsinə qətlə yetirilib. Bu tarixi düşmənçilik və xalqımıza qarşı nifrət hissləri XX əsrin sonlarında 20 Yanvar faciəsi (20 Yanvar 1990-cı il) və Xocalı soyqırımı (26 fevral 1992-ci il) nəticəsində özünün son həddini tam çılpaqlığı ilə göstərib, beynəlxalq cinayət aktı kimi tarixə düşüb.
Dəhşətli yanvar gecəsində baş vermiş tarixi cinayət əməlləri - dinc, yalın əhalinin vəhşiliklə və misli görünməmiş amansızlıqla qətlə yetirilmə səhnələri, ana-bacıların fəryadı, körpələrin göz yaşları sənət adamlarının, şair, rəssam, bəstəkar və başqalarının yaradıcılıqlarında bu və ya başqa formada öz təzahürünü tapıb.
20 Yanvar faciəsinin ürək dağlayan səhnələrindən təsirlənərək Azərbaycanın tanınmış rəssamları faciəni təsviri sənətin dili ilə bədiiləşdirərək faciənin insanlığa, bəşəriyyətə yönəlmiş təhlükə olduğunu göstərməyə çalışıblar. Buna misal olaraq Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan Xalq rəssamları Mikayıl Abdullayevin (1921-2002) "Bakı müsibəti", Böyükağa Mirzəzadənin (1921-2007) "19 yanvar 1990-cı il" (1991), Elmira Şahtaxtinskayanın (1930-1996) "Güc siyasəti XX əsrin rüsvayçılığıdır" (plakat, 1990), Cahangir Rüstəmovun (1926-2007) "Şəhidlərə ithaf", Kamil Nəcəfzadənin (1929-2011) "Azərbaycan harayı" (1991), "Şəhid anası" (1991), "Gözləyir" (1991), Ağa Mehdiyevin (1920-2003) "Qanlı gecə" (1990), Əməkdar incəsənət xadimləri Hafiz Məmmədovun (1921-1995) "Şəhidlər" (1990), "Qara bayram", Əyyub Məmmədovun (1921-1994) "Yanvar hadisələri" (1990), "Həyəcanlı günlər" triptixinə aid "Qarabağın bağları", "Abşeron", "Xəzər" (1989), Əməkdar rəssamlar Adil Rüstəmovun (1943) "Haray" silsiləsinə aid qrafika işləri, Arif Ələsgərovun (1944) "Əsrin faciəsi" silsiləsinə aid qrafika işləri və digərlərini qeyd etmək olar.
Yuxarıda adları qeyd olunan əsərlərin hər biri yüksək vətəndaşlıq duyğuları və əsl sənətkarlıq məharəti ilə qələmə alınmış sənət nümunələridir.
Bildiyimiz kimi qanlı yanvar faciəsində qətlə yetirilmiş şəhidlərimizin dəfn mərasimi o zaman böyük izdihamla müşayiət olunub, xalqımız hər şəhid qəhrəmanın tabutunu tərqərənfillərə qərq edib, onlar Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Xalq rəssamı Mikayıl Abdullayev bu xalq izdihamını "Bakı müsibəti" adlı əsərində olduqca bədii biçimdə və güclü emosional təsir qüvvəsi ilə təsvir edə bilib. Bu tablo orta məktəbdə tədbirdə ifa etdiyim, müəllifini unutduğum şeirin bəndləri ilə tam səsləşir.
Göylərə duman gəlib,
Yerlərə qəm ələnib,
Azərbaycan təklənib,
İnlə, kamanım, inlə!
Hanı ustad Şəhriyar?
Yalqız qalıb Bəxtiyar.
Qara geyib analar,
İnlə, kamanım, inlə!
Xalq rəssamı Elmira Şahtaxtinskaya özünün plakat əsərində 20 Yanvarda Azərbaycan xalqının başına gətirilmiş müsibətin tam mənası ilə gerçək mahiyyətini açıb göstərə bilib. "Güc siyasəti XX əsrin rüsvayçılığıdır" adlı əsər bir daha sübut edir ki, xalqımızın müstəqillik ideallarını və müstəqil Azərbaycan Respublikasının dövlətçilik dayaqlarını heç zaman yağı düşmənlər sındıra bilməyəcək və bu cür cəhdlərlə onlar sivil dünyanın gözləri qarşısında bir daha özlərini, öz əməlləri ilə ifşa etmiş olacaqlar.
Xalq rəssamı Kamil Nəcəfzadənin "Şəhid anası" tablosunda təsvir edilmiş qara geyimli, əlini üzünə söykəmiş, qəmli ananın çöhrəsindən sanki həzin inilti səsləri "eşidilir".
Əməkdar incəsənət xadimi Əyyub Məmmədov "Yanvar hadisələri" adlı əsərində heç bir çərçivəyə sığmayan insanlıq faciəsini tablonun çərçivələrini dağıdaraq mövzunun bəşəriliyini və miqyassızlığını göstərməyə çalışıb. Əsərin mərkəzində Azərbaycan xəritəsinin fonunda tank, aşağı hissədə isə sınmış çərçivə qalıqları və axan qan izləri təsvir edilib. Əsərə diqqət yetirdikdə tamaşaçı xalqımızın üzləşdiyi faciənin ağırlığını bir daha duymuş olur. Həmin gecə tankların təsvir edilməsi mümkün olmayan vəhşiliklə maşınların üzərindən keçərək əzməsi, təcili tibbi yardım maşınlarını gülləboran etmələri çox dəhşətli idi.
"Haqq nazilər, üzülməz!" müdrik el misalında ifadə olunduğu kimi, gec-tez Azərbaycanın haqq işi qələbə çalacaq. İstər neçə əsrlər keçsin, Azərbaycan millətinə qarşı bu ədavətin mahiyyəti dəyişməz qalacaq.
Zaman dəyişəcək, nəsillər bir-birini əvəz edəcək, amma xalqımız heç zaman Şəhidlərimizin uca ruhlarını unutmayacaq və həmişə onların ruhlarını əziz tutacaq.
Xalq şairi Bəxtiyar Vahabzadənin öz əsərində vurğuladığı kimi:
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyiri, şəriylə,
Torpağın bağrına cəsədlərilə,
Azadlıq toxumu əkdi Şəhidlər.
Bəli, unutmamalıyıq ki, müstəqilliyə, azadlığa gedən yol, xalqımızın müstəqillik idealları qanlı yanvar faciəsindən keçir. Qanlı yanvar faciəsi dramatikliyi, bütün ağrı-acılarıyla bərabər, şübhəsiz ki, həm də milli azadlıq dastanımızın, milli azadlıq mübarizəmzin ən şanlı səhifələrindən biridir. Bununla bir daha Azərbaycan xalqı sübut etmişdir ki, istənilən güc və qüvvələrin qarşısında duruş gətirə bilər və Azərbaycan xalqının müstəqillik əzmini heç bir qüvvə sarsıda bilməz.
Düşmən heç vaxt yatmır. Bu gün də Azərbaycan dövlətinə və xalqına qarşı qənim kəsilmiş qüvvələr öz məkrli siyasətlərini həyata keçirmək üçün hər vəchlə çalışırlar. Çox şükürlər olsun ki, müstəqil Azərbaycan Respublikası və qüdrətli Azərbaycan ordusu var. Bu gün dünyanın müxtəlif guşələrində Azərbaycanın haqq səsi mötəbər tribunalardan və yüksək kürsülərdən eşidilir. Hələ əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil və qüdrətli Azərbaycan Respublikasının inkişaf strategiyası bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Əsəd QULİYEV,
Sənətşünas, AMEA-nın dissertantı, Rəssamlar İttifaqının üzvü