|
|
|
|
Xalq rəssamı, yüksək səmimiyyətə və mənəvi keyfiyyətlərə malik ustad sənətkar Altay Hacıyevlə ünsiyyətimiz zamanı bir daha yəqin etdik ki, o, çağdaş rəssamlıq sənətimizin ağsaqqalı, təsviri sənət tariximizin isə sözün əsl mənasında “canlı ensiklopediyasıdır”.
A.Hacıyev 1931-ci ildə rəssam Əmir Hacıyevin ailəsində dünyaya göz açıb. 1951-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1959-cu ildə isə Kiyev Dövlət Rəssamlıq İnstitutunu bitirib. 1959-cu ildən beynəlxalq və respublika əhəmiyyətli sərgilərin iştirakçısıdır. 1960-cı ildə SSR Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. 1962-1967-ci illərdə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı
fəxri adlarına layiq görülüb. 1995-ci ildə “Humay”, 1999-cu ildə Açıq Cəmiyyət İnstitutunun mükafatlarına layiq görülüb. O, 2003-cü ildən Prezident təqaüdçüsüdür.
A.Hacıyevin doğma vətənində bir neçə fərdi sərgisi təşkil olunub. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə “Natəvan-Şuşa”, 2001-ci ildə isə “Xalqımızın ulduzları” adlı tematik, 2006-cı ildə 75, 2011-ci ildə isə 80 illik yubileyi münasibəti ilə ictimaiyyətə təqdim olunan yaradıcılıq hesabatını yaddaqalan sərgilərdən hesab etmək olar.
Rəssamın əsərləri R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, xarici ölkə muzeylərində və nüfuzlu şəxsi kolleksiyalarda saxlanılır.
Artıq qeyd etdik ki, Altay müəllim rəssam ailəsində doğulub. Atası Azərbaycanın ilk qrafika ustalarından olan Əməkdar incəsənət xadimi Əmir Hacıyev olub. Rəssam etiraf edir ki, rəssamlıq sənətini öyrənməkdə atama borcluyam, lakin mənim əlimdən tutub sənət aləminə gətirən ailəvi dostluq münasibətlərimiz olan tanınmış rəssam Böyükağa Mirzəzadə oldu. Lap kiçik yaşlarından Altay müəllim sanki canlı sənət akademiyasında, dövrün məşhur şəxsiyyətləri ilə ünsiyyətdə böyüyüb. Rəssam qeyd edir ki, atam uzun müddət o zaman yeganə olan Azərbaycan Dövlət Nəşriyyatında (Azərnəşr) baş rəssam işlədiyinə görə yazıçılar, kitab çap etdirmək istəyənlərin əksəriyyəti bizdə olardı...
A.Hacıyevin ailəsində və yaxın qohumları arasında hələlik səkkiz rəssam yetişdiyini vurğulamaqla, Altay müəllimgilin rəssamlar ailəsi olduğunu qeyd etmək mümkündür. Atası Əmir Hacıyev, xalası Xalq rəssamı Bədurə Əfqanlı, dayısı Əməkdar rəssam Arif Ağamalov, əmisi Həsən Hacıyev, dayısı oğlanları Əməkdar rəssam Məlik və Eldar Ağamalovlar, oğlu Addis Hacıyev təsviri sənətimizdə özünəməxsus yeri olan sənətkarlardır.
Altay müəllimin yaradıcılığı maraqlı cəhətləri ilə diqqət çəkir. Ukraynada ali təhsil alan sənətkar klassik Avropa rəssamlıq ənənələrini dərindən öyrənib və akademik rəsmin incəliklərinə yiyələnib. Buna baxmayaraq Altay müəllim yaradıcılığında hər zaman şərqli duyumuna malik olduğunu büruzə verir. Belə ki, əsərlərinin mövzusu, ideya tutumu, işlənmə üslubu, kompozisiya biçimi, kolorit həlli ilə rəssamın yaradıcılığında iki istiqaməti paralel apardığını, bədii sintez etdiyini müşahidə etmiş oluruq.
Altay Hacıyev yaradıcılığının böyük bir dövrünü kitab qrafikasının inkişafına sərf edib. Neçə-neçə kitaba bədii tərtibat verib, bir çox əsərlərə illüstrasiyalar çəkib. Rəssam həm də bir çox silsilələr yaradıb. Ali təhsilini başa vurub vətənə dönən rəssam 60-cı illərdə doğma Bakıda gedən tikinti-quruculuq, əsaslı təmir-bərpa işlərini, Bakının inkişaf etmiş sənaye şəhərləri səviyyəsinə yüksəldiyini görür və paytaxtımızın nə qədər dəyişildiyini incə rəssam qəlbi ilə duyur və sonda “Yeni Bakı” adlı ilk silsiləsini yaradır. Rəssam deyir ki, Bakıya döndükdən sonra Bakımızın çox dəyişdiyini gördüm, artıq çadralı qadınların indiki bulvarın ərazisində vertolyotlara mindiklərini, müxtəlif sahələrdə çalışdıqlarını gördüm... bu məndə yeni yaradıcılıq imkanlarının açılmasına ruhlandırdı və bir neçə silsilələr yaratdım... Bu dövrdə rəssamın “Xəzər”, “Dənizin iftixarı” və “Xəzərin sahibi” adlı yeni silsilələr yaratmış olduğunu görürük. Rəssamın həmin vaxt yaratdığı işlərdə həqiqətən də insan əməyinin böyüklüyünü, əməyə inamın təntənəsini, gələcəyə olan ümidin incə məqamlarla dolu çalarlarını duymaq mümkündür. A.Hacıyevin linoqravüra seriyalarına nümunə olaraq, “Yeni Bakı” (1961), “Xəzər” (1963), “Sakt səma” (1965), “Macarıstanda” (1967), “Xalq mahnıları”(1967), “Bahar nəğməsi” (1971), “Şimal küləyi - Xəzri” (1973), “Üzümçülük” (1975) və başqalarını qeyd etmək olar. Yuxarıda sadalananlarla yanaşı rəssamın “Azərbaycan. Doğma nəğmələr” və “Milli məişət əşyaları” adlı silsilələrini xüsusi vurğulamaq istərdik. Ümumiyyətlə, milli dəyərlərə bağlılıq onun yaradıcılığından qırmızı xətt kimi keçir.
Rəssamın “Azərbaycan. Doğma nəğmələr” silsiləsinə daxil olan “Aşıqlar”, “Bahar”, “Payız”, “Ceyranlar” adlı linoqravüra əsərlərində rəssam son dərəcə ali sənət amallarını əldə rəhbər tutaraq güclü bədii təsir qüvvəsinə malik lirik lövhələr yaratmışdır. A.Hacıyev poeziyanı, söz sənətini daha çox sevdiyindən onun əsərlərində incə lirizm, poeziyadan süzülən axıcı melodiklik hiss olunur. “Aşıqlar” linoqravüründə rəssam kompozisiyada üç aşıq obrazını başlarında buxara papaq əllərində saz tutmuş vəziyyədə təsvir edib. Obrazların bədii ifadəliliyini artırmaq məqsədi
ilə rəssam aşıqları qədim Qobustan qayalarında təsvir edilmiş üslubda çəkib. Əsərin fonunda isə möhtəşəm tarixi Qız Qalasının və neft buruqlarının təsvirləri əks olunub.
A.Hacıyevin “Milli məişət əşyaları” silsiləsinə aid olan linoqravürlərində isə adından da hiss olunduğu kimi Azərbaycanın qədim məişət əşyalarının, mis qabların, qədim silahların, qılıncların, bel kəmərlərinin özünəməxsus bədii təsvirlərini əks etdirməklə, tamaşaçının nəzər diqqətini cəlb edən maraqlı yaddaqalan kompozisiyalar yaratmışdır.
A.Hacıyev, həmçinin bir çox kitablara illüstrasiyalar yaradıb və kitabların bədii tərtibatını hazırlayıb. Bunlara misal olaraq, S.Rəhimovun “Mehman” (1956), M.F.Axundzadənin “Hekayəti-xırs-quldurbasan” (1962), milli qəhrəmanlıq dastanı “Koroğlu” (1965), “Nəsiminin lirikası” (1971) və başqalarını qeyd etmək olar.
Qeyd etdiyimiz kimi rəssam qədim miniatür sənətinə, ədəbiyyata və milli ənənələrə bağlı olduğundan onun hazırladığı kitab illüstrasiyaları bu sahədə mövcud olan sənət nümunələri kimi xüsusi incə zövqlə yaradılıb və tamaşaçının zövqünü oxşayır. A.Hacıyevin “Koroğlu” dastanının bədii tərtibatına apardığı gərgin sənət axtarışları və yaratdığı illüstrasiyalar bu gün də dastanın məzmunun əyani qavranılması baxımından xüsusi önəm kəsb edir.
Altay müəllimin yaradıcılığının əsas istiqamətindən birini onun rəngkarlıq əsərləri təşkil edir. Bu sahənin ana xəttini isə şanlı keçmişimiz, tarixi şəxsiyyətlərimiz və zəngin mənəviyyat xəzinəmizin tərənnümü təşkil edir. Tariximizdə elə işıqlı əməl sahibləri var ki, onlarla fəxarət duymamaq olmur. Bu mənada qocaman ustadın tarixə, eləcə də görkəmli şəxsiyyətlərə bağlılığı həm də bir vətəndaş mövqeyinin ifadəsi olduğundan qürurvericidir. “Xalqımızın ulduzları” silsiləsində bu ehtiramın yaddaqalan ifadəsini görmək olar. Altay müəllim hesab edir ki, bu qədirbilən, el dərdini çiyinlərində daşıyanların, vətən həsrətini hər amaldan yüksək tutanların obrazlarını yaratmaq hər bir rəssamın borcudur. Bu mənada “Tomris”, “Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Xurşudbanu Natəvan”, “Mömünə Xatun”, “Dədə Qorqud”, “Tuti Bikə”, “Aşıq Pəri”, “Ağa Bəyim Ağa” və başqaları tariximizi əyaniləşdirən çox dəyərli sənət nümunələri olmaqla bərabər, həm də onun sənətkar-vətəndaş mövqeyinin nümayişidir. O, Xurşudbanu Natəvanın bir neçə portretini yaradıb. A.Hacıyevin yaradıcılığında bu obraz olduqca tutumlu, parlaq əksini tapıb desək, əsla yanılmarıq.
Altay müəllim ömrünün bu ixtiyar çağında da yeni-yeni əsərlər yaratmaqdadır. Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinə çəkilmiş əsərlər üzərində son tamamlama işləri aparır. Mövzunun əzəmətli təqdimatına görə tamaşaçıya olduqca güclü təsir bağışlayan Şeyx Şamilin monumental obrazı da onun yeni tablolarındandır.
Altay müəllimi tez-tez müxtəlif tədbirlərdə, sərgi salonlarında görmək olar. Bu cəhəti ilə də o, təsviri sənətimizin çətin yollarında yenicə addımlamağa başlayan rəssamlarımıza nümunədir.
Ümid edirik ki, yaratmaq eşqi tükənməyən ustadın gözəl əsərləri hələ neçə-neçə sərgi salonunda dəfələrlə nümayiş olunacaq və müəllifinə daha geniş şöhrət qazandıracaq.
Əsəd QULİYEV
Milli İncəsənət Muzeyinin böyük elmi işçisi