|
|
|
|
Son 20 ilə yaxın müddətdə ədəbiyyat və incəsənətdə, elm və fəlsəfədə, psixologiya və mənəviyyatda modernizm və postmodernizm "söhbətləri" intensiv olub.
Modernizmin müəyyən təzahür xüsusiyyətləri: realizmə etiraz; kubizm, sürrealizm, abstraksionizm, avanqardizm, impressionizm, imajinizm və digər axınlara rəğbət; fərdiyyətçilik; mövcud ənənə və gələnəklərin dağıdılması və ya onlara yeni dəyər verilməsi - dekonstruksiya; pozitivizmə meyil; rasionalizmə, "qəliblərə", maarifçiliyə etiraz; irrasionallığa meyil; dinlə təmas; ehkamların dəyişdirilməsi, klassik dəyərlərin bərpası; eybəcərlik, disqarmoniyadan imtina; gözəllik, harmoniya kimi klassik kateqoriyalara qayıdış; internet, sosial şəbəkə imkanları və sairdir.
Postmodernizmin müəyyən təzahür xüsusiyyətləri: modernizmin bətnində doğulması; klassik ənənə, insan və hadisəyə modernist baxışların birikməsi; psixoanaliz; semiotika, fəlsəfə kimi çağdaş konsepsiyaların əsas olması; mübarizədən imtina; böhranla barışıq; estetik fikrin paradiqmalarının dəyişməsi; ezoterik dillə danışma; fraqmentlərə parçalanma, semantik dairənin genişlənməsi; ekstensiv inkişafın özəlliyi, dünyanın elmi dərk yolunun inkarı; sinergetika; təbiət elmləri; cəmiyyətlə, bədii-estetik fikirlə bağlı olan bütün elmlərin humanitar düşüncədə yeri; postmodernist fəlsəfə, postmodernist kulturologiya, postmodernist sosiologiya, postmodernist dilçilik, postmodernist estetikanın yaranması; mərkəzdənqaçma meyilləri; tarixə etinasızlıq, əsasında mifin, əlaqəsiz, yayğın hadisələrin dayanması, onun bir araya gətirilməsi və mif kimi dəyərləndirilməsi; tarixin, zamanın parçalanması, fraqmentallıq; tarixi hadisələrin insan iradəsindən asılı olmaması - dünya iradəsi, futurologiya; vaxtilə deyilmişlərin təkrarı; istehza - hadisələrə ikili münasibət; sənətkarın əsər yox, mətn yaratması, dekonstruksiya; mətnin əvvəlki mətnlərlə və dövrünün mətnləri ilə dialoqu; hermenevtika; təsdiq və inkar momentləri; məna baxımından yazı və oxunun insanın yox, dilin həqiqəti olması faktı və ilə axırdır.
Modernizmin və postmodernizmin kökündə, təşəkkülündə müharibə (I və II Dünya müharibələri) amili dayanıb. Müharibə yeni fikir, düşüncə ifraz edib. Eynşteynin nisbilik nəzəriyyəsi də müharibə amilindən zahir olub. Postmodernizm də modernizm kimi II Dünya müharibəsindən sonrakı tarixi şəraitin, elm və mədəniyyətin yetirməsi idi. Kainata yozum verdiyimiz "MƏTN" - xaos, oyun da əslində bir simmetriyaya - qanun və Konstitusiyalara tabedir. Qanun hakim və hakimiyyətin adıdır. Harmoniya olan yerdə insan ağlı və dünya vardır. Necə ki, böyük kosmos sistemi və Yer də onun tərkib hissəsi olmaqla mükəmməl simmetriyaya tabedir. Nəticə: Bizə postmodern mədəniyyət yox, multikultural mədəniyyət gərəkdir.
Postmodernizm qaydasız oyun adlandırılır. Simmetriyasız, qanun-qaydasız heç nə yoxdur. Varsa, nəyisə pozur, dağıdır. Kainatın özü, cəmiyyətin özü qayda üzərində qurulub, mükəmməl qurulub. Və Allah tərəfindən qutsal kitablarla, qanunlarla qorunur. Professor Yaşar Qarayev demişkən: Qərb, Avropa "mənəm meymun" deyir. (İnsanın meymundan yaranması/?!/), Şərq isə "mənəm Allah" deyir. (İnsanı Allahın xəlq etməsi, onun Adəmdən yaranması). Meymunda qaydasız oyun, insanda isə mükəmməl simmetriya, toxuculuq vardır. Nəticə: Kosmos, kainat, həyat xaos olsa yaxşıdır, yoxsa ahəngdar olsa?!
Postmodernizm Qərb (Avropa) sivilizasiyası və mədəniyyətlərinin dərindən dərk olunduğu universal, tarixi və çağdaş qavrayışdır: kibernetika, hermenevtika, semiotika, sinergetika, qeyri-səlis məntiq, metafizika, fizika, kimya, cəbr, həndəsə, bir sözlə, "cəmiyyətlə, bədii-estetik fikirlə bağlı olan bütün elmləri əhatə edən humanitar düşüncədə hakim mövqe" sahibidir. Postmodernizm belə bilgilərin yüksək bədiiliklə zəmin olunduğu yerdə qazana bilib ki, bu da artıq Avropa və Qərb üçün səngiyən kimidir. Bizim elmi-nəzəri, ədəbi-estetik fikirdə isə postmodernizmin yamsılanması, onun zahiri effektindən yarınma baş alıb getməkdədir. Postmodernizm türk və islam müəyyənliyini aşındırıb müəllifinə Orxan Pamuk kimi Nobel mükafatı da qazandıra bilər, bilərəkdən və ya bilməyərəkdən milli-tarixi şüur yaddaşımızı aşındırıb müəllifinə Əkrəm Əylisli uğursuzluğu da gətirə bilər.
Bir var, ümumiyyətlə, modernizm ədəbi cərəyanı, konkret dövr olaraq mövcudluğu (1910-cu illərdən 1930-cu illərə qədər), bir var Şərq və Qərb modernizmləri, bir də var modernizm ədəbiyyatı, incəsənəti. Bunlar ayrı-ayrı məsələlərdir.
Şərq və Qərb modernizmi ədəbi cərəyan deyildir. Adlanmadır. Bir anlıq xatırlayaq Şərq intibahı və ya Qərb intibahlarını. Şərq və Qərb intibahları da modernizmdir. İntibahın özü modernist qavrayışdır. Bu terminlərin fərqində olmaq gərəkdir.
Qərb (Avropa) intibahı Qərbə, Avropaya orta əsr intibahını, klassisizmi, romantizm və realizmi, maarifçiliyi, şəhərlərin inkişafı, iqtisadi-burjua münasibətləri, millət, milli dil, dövlətlərin əmələ gəlməsi, coğrafi kəşflər, günəş sisteminin kəşfi, milli ədəbiyyatların formalaşması və s. verib. Bütün bunlar Qərb modernizminin uğurları olub.
Şərq modernizmi Şərqə intibahın dahi şəxsiyyəti Nizami Gəncəvini, Şərq romantizmini, klassik feodal ölkələrini və s. verib. Bütün bunlar Şərq modernizminin əsasları və uğurları olub.
İntibah modernizm göstəricisidir. Modernist ədəbiyyat isə Şərq və Qərbə mənsub olan intibahın təzahürü deməkdir. Bu ədəbiyyat hər bir milli dövlətə, xalqa mənsubdur. Müasir modernist ədəbiyyat dedikdə ədəbiyyatda siyasi quruluşdan asılı olaraq meydana gələn yenilik, intibah nəzərdə tutulur. Bu mənada XIX və XX əsrlər Azərbaycan ədəbiyyatında modernist mədəniyyət xüsusiyyətləri mövcuddur. Nəticə: Bu modernist ədəbiyyat milli ədəbiyyatın tərkib hissəsi kimi çıxış edib.
Tutaq ki, deyirik: modernistik və ya postmodernistik - yenidən quruluruq, -bunlar bizə nə verir? Bunlar bizə yeni ədəbiyyatmı, mənəviyyatmı verir? Məna və mahiyyət kökdə, islam dərkində, islam şəxsiyyətlərindədir. Biz isə bu özəyi, nüvəni atıb Avropa modernizminə meyil edirik. Mərkəzdə nə dayanır - mücərrədlik, anlaşılmazlıq. Bizə texnogen yox, İnsan, ədalət və həqiqət, ölçü, dəyər, əxlaq və mənəviyyat lazımdır. Əslində Qərbin özü: Hegel, Höte, Dante, Bayron və başqaları islam modernizminə meyillənməklə bəşəriyyətə böyük incilər bəxş ediblər. Onlar Qərbin oğurladığı Şərqi özünə qaytarmayıblarmı? Postmodernist əsər bizə nə verir? Şərqi, Azərbaycanı Qərbə qovuşdurmaqmı? Ədəbiyyatı - Avropaya, Qərbə qovuşdururmu? Və ya Qərbi Şərqə gətirirmi? Qurani-Kərimdə Aralıq dənizi ilə Atlantik okeanın suları bir-birinə qovuşmur, dünyaların ayrıcıdır. Şərq Qərbə, Qərb Şərqə qovuşa bilərmi? Bunların sivilizasiyaları, mədəniyyətləri, dinləri və həyat tərzləri ayrı-ayrıdır. Kökündən təhrif edilmiş dünyanı ədalət və həqiqətinə qovuşdururmu modernizm və ya postmodernizm? Nəticə: Onların Azərbaycana dəlaləti kifayət qədər azdır. Və belə də olmalıdır.
Böyük dövlət, böyük siyasət, böyük güc söhbəti var. Bu "böyüklük" "xırdalığı" həmişə udmaq, həzm etmək əzmində olub. Bu "böyüklük" bizim mənəviyyatımızı, əxlaqımızı, dinimizi və dilimizi - mənliyimizi udmaq istəyindədir. Necə ki, Qərbin bütün islam dünyasına təpkilərini, islamafobiyasını görürük! Qərb bizim, Şərqin deyildir və olmayacaq da! Dünyanın müvazinəti və müvaziliyi bu ikilikdədir. Qərb həmişə Şərqin elm və fəlsəfəsini oğurlamaq cəhdində olub. Bu gün də belədir. Nəticə: Ona Azərbaycan, islam əxlaqı və mədəniyyəti gərək deyil...
Modernizmə və ya postmodernizmə aludəliyimiz məzmuna görədir, yoxsa formaya görə? Bəlkə hər ikisinə görə? Məzmun Şərq, Azərbaycan gerçəkliyi, psixologiyası, təfəkkürü, dini və dilidir. Azərbaycan həyatı, milli ruh, kolorit və psixologiya - milliliyin bütün atributlarıdır. Qərb məzmunu bütün bunlarda əriyə bilərmi? Təsəvvür edək, Avropa gəlib Azərbaycanda yaşayır, azərbaycanlılaşırmı, türkləşirmi? Ən əsası dini, milli ayrıntılar bunların qovuşmasına heç vaxt imkan verməz. Yaxud Qərb Azərbaycan həyatını, islam insanını özündə əridə bilərmi?
Bir anlıq qəbul edək Avropanın həyat tərzini, düşüncəsini, - yad həyatı, yad dini, yad adətləri, yad psixologiya və mənəviyyatı, - millilik yox olmurmu? Kulonluğu da unutmayaq! Növlərdən alınan süni cinsləri də xatırlayaq! Biz Avropa mövcudluğuna köklənə bilərikmi? Belə çıxır ki, biz öz kökümüzü itirməyə hazırıq. Bəlkə torpağımızı, tariximizi, dinimizi, dilimizi və mədəniyyətimizi Avropaya verək? Bu bizdə mənlik qoyacaqmı? Axı, bu halda beyin manqurtlaşır, milli kök, şüur, coğrafi ərazi, tarix və mədəniyyət basılır. Bizə bu lazımdırmı?
Məgər H.Caviddə dekonstruksiya yoxdurmu? H.Cavid modernizmə meyil etməyibmi? O, Qərb, yoxsa Şərq modernizmi ilə hərəkət edib? Biz H.Cavid modernist şairdir desək də, bu, o demək deyil ki, mütəfəkkir sənətkar Qərb yönlü modernistdir. Yox. O, Şərq modernizmindən bəhrələnmiş islam filosofudur. Baxın, məgər H. Cavid tarixi, tarixi şəxsiyyətləri ironiya (istehza) və ya təftişlə hərəkət edibmi? Nəticə: Əksinə, tarixən mövcud olmuş türkçülüyü, islamı milli mənlik şüuruna ötürüb,"ittihad, işdə ən böyük ideal"- deyib.
Bu günün çağdaş "modernistləri" və ya "postmodernistləri" Şərq və Qərb təfəkkürünü Caviddənmi artıq dərk edirlər? Bu suala müsbət cavab vermək çətindir. Ən azı ona görə ki, Cavid öz kökü üstündədir. İslam təfəkkürü ilə gəlib və kifayət qədər ciddi planda İslamı, onun qanunlarını, normalarını gözləyib. Bu günün mütəfəkkirləri isə islam dünyagörüşünə yetməkdə yetərli deyil və demək olar ki, əməli olaraq islam dininə riayət etmirlər. Onlar dini mühütdən də gəlməyiblər, Sovet stixiyasından, ideologiyasından gəlib və milli dəyərlərimizi aşındırıblar. Bu günün təkəbbürlü gəncliyi (müdrik gəncliyi yox) Dədə Qorqudu, Şah İsmayılı, Füzulini, Vaqifi, M.F.Axundzadəni, A.Bakıxanovu, Sabiri, Mirzə Cəlili, S.Vurğunu kökdən salır, onları islam müəyyənliyindən uzaqlaşdırıb, bayağılıq edir. Biz nə qədər kökdən düşürüksə, bir o qədər Avropanın yabançı dəyərlərinə meyil edirik, qloballaşır, milliliyi itiririk. Nəticə :Qeyri-müəyyən bəşəridənsə, milli müəyyənlik caiz deyilmi?
Xatırlayaq Avropanın islamafobiyasını, ərəb dünyasındakı fəlakətləri, faciələri. Bunları Qərb törədib, nəticələrindən özləri də xilas ola bilmir. Siyasi və mənəvi aşınmalar onların özünə qayıdıb. Bir vaxt gender bərabərliyini ortaya atmışdılar, - Şərqin, Azərbaycanın ailə institutlarını dağıtmaq üçün. Avropada ailə amili əsasdırmı? Qurani-Kərim insan hüquqları, azadlıqları və bərabərliyinin ideal nümunəsini göstərib.
(Ardı var)
Əlizadə ƏSGƏRLİ
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru