|
|
|
|
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr etdiyi monoqrafiyası “Naxçıvan Muxtar Respublikası Müstəqillik Yollarında” adlanır.
Kitab giriş, dörd fəsildən və nəticədən ibarətdir. XX əsrin 80-ci illərinin sonlarında başlanan milli oyanış, demokratik hərəkat, erməni təcavüzü, ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı, demokratik dəyişikliklər, Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, Naxçıvanın müdafiənin təşkili, blokadadan çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, eləcə də müstəqilliyin möhkəmləndirilməsi sahəsində əldə olunan uğurlar mövzunun başlıca məzmununu təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında yüksək poliqrafik səviyyədə nəşr edilən monoqrafiyada muxtar respublikanın ictimai-siyasi, sosial-iqtisadi inkişafı arxiv sənədlər, dövrü mətbuat materialları və mövcud elmi ədəbiyyatlar əsasında şərh olunur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirmi beş illik yubileyi ərəfəsində geniş oxucu kütləsinə təqdim olunan 360 səhifəlik kitabda XX əsrin 80-ci illərinin sonlarında Naxçıvan Muxtar Respublikasının çətin və mürəkkəb vəziyyəti, muxtar respublikada başlanan milli-demokratik hərəkatı, məkirli ermənilərin ərazi iddiaları və silahlı müdaxilələri, habelə baş verən ictimai-siyasi proseslər xronoloji ardıcıllıqla ümumiləşdirilmişdir.
Qeyd edək ki, böyük dövlət xadimi Heydər Əliyevin Naxçıvanda siyasi fəaliyyət göstərdiyi 1991-1993-cü illər geniş bir şəkildə sözügedən əsərdə tədqiqata cəlb edilmiş, o dövrdə Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvanın üzləşdiyi çətinliklər, baş verən proseslər, habelə həmin illərdə qəbul edilmiş qərarların tarixi əhəmiyyəti işıqlandırılmış, muxtar respublikanın 1993-cü ildən sonrakı inkişaf dövrü əhatəli bir şəkildə təhlil edilmişdir.
Ermənilərin xalqımıza qarşı zaman-zaman gizli və aşkar şəkildə apardığı soyqırım və təcavüz siyasəti Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında çox böyük ciddi təsiri olmuşdu. Danılmaz bir faktdır ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmləndirilməsində, xalqımızın taleyində, mənəvi, siyasi, ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlər göstərən böyük öndər Heydər Əliyevin 1990-cı il iyul ayında Moskvadan Bakıya qayıtması çətin sınaqlar qarşısında qalan bütün Azərbaycan və azərbaycanlıları mövcud təhlükələrdən xilas etdi.
Monoqrafiyanın ilk fəslində akademik bu mövzuya geniş yer verir. “Naxçıvanın ictimai-siyasi və sosial-iqtisadi həyatı (1988-1990-cı illər) adlanan bu fəsildə müəllif geniş əhatəliyi ilə 80-ci illərin ortalarından başlayaraq ölkədəki ictimai-siyasi prosesləri qeyd edir, Ermənistanın Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü siyasətə toxunur, çar Rusiyasının, sonralar isə Sovetlər Birliyinin himayəsindən istifadə edən ermənilərin “böyük Ermənistan” xülyasını həyata keçirmək üçün iddia etdikləri əraziləri yerli sakinlərdən təmizləmək, müntəzəm surətdə hiylə, məkr, xəyanət, terror vasitələrilə dünya tarixində analoqu olmayan və ağlasığmaz formada qanlı hadisələr törətdiklərini göstərir.
Sözügedən fəsildə eyni zamanda 1991-1993-cü illərdə qəbul edilmiş qərarlar, verilmiş bəyanatlar, imzalanmış sənədlər zəngin faktlarla ümumiləşdirilərək verilir. Bu illərdə Naxçıvan Muxtar Respublikasında müstəqil dövlətçiliyimizin möhkəm və etibarlı bünövrəsini qoyan tədbirlər işıqlandırılır. Yox olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəni var edən, müstəqilliyini əbədiləşdirən, millətin xilaskarına çevrilən “Dahi öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi muxtar respublikanın mürəkkəb, eyni zamanda ağır dövrünə təsadüf edirdi”. Haqlı olaraq göstərilir ki,”Dünya şöhrətli siyasətçinin Naxçıvanda olması və yaşaması Naxçıvan Muxtar Respublikasını Dağlıq Qarabağın aqibətinə düşməsinə imkan vermədi. Heydər Əliyev müdrikliyi, xalqa inamı, Heydər Əliyev-xalq birliyi Naxçıvanı xilas etdi”.
“Naxçıvan Müstəqilliyin ilk illərində (1991-1993-cü illər)” başlıqlı ikinci fəsildə isə SSRİ-nin dağılmasından sonra Naxçıvan Muxtar Respublikasında yaranmış gərgin vəziyyətində bölgənin idarə olunmasında ulu öndər Heydər Əliyevin ümumilikdə Azərbaycan xalqı qarşısında böyük xidmətləri tədqiq olunur. Dövlət müstəqilliyinin əldə olunmasında və qorunub möhkəmlənməsində Naxçıvan Muxtar Respublikasının mühüm rolu ikinci fəsildə xüsusi vurğulanır. Qeyd olunur ki, bu illərdə Naxçıvan Muxtar Respublika Azərbaycanın tərkib hissəsi kimi ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni həyatı ilə həmahəng şəkildə özünün tarixi inkişaf yolunu uğurla davam etdirir.
Tədqiqat əsərində eyni zamanda Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti, dövlət müstəqilliyinin bərpası və möhkənləndirilməsi istiqamətində uğurlu fəaliyyəti təhlil edilir. 1991-ci ildə xalqın təkidli tələbilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Heydər Əliyev Naxçıvanda fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlərlə müstəqil, demokratik və dünyəvi Azərbaycanın dövlətinin möhkəm və etibarlı bünövrəsinin əsasını qoydu. Naxçıvan Muxtar Respublikası ağır iqtisadi böhrandan çıxarıldı, əhalinin sosial vəziyyəti yaxşılaşdırıldı, elm, təhsil, mədəniyyət, milli-mənəvi dəyərləri qorunub, inkişaf etdirilməsi üçün mühüm addımlar atıldı ki, bu da zəngin materiallarla yeni nəşrin oxucusuna çatdırılır.
Kitabda Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü tariximizin əvəzedilməz səhifələrindən biri olduğu xüsusi vurğulanır. Burada Naxçıvanda əsası qoyulmuş sonralar xalqın həyatında həlledici və mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyətində yeri və mövqeyindən də söz açılır.Partiyanın Azərbaycanın gələcəyi üçün tarixi əhəmiyyəti konkret faktlara əsaslanaraq göstərilir ki, “xalqın Heydər Əliyevə inamı və yaradılan partiyaya ümidi bütün maneələrdən və təqiblərdən güclü idi...”
Dahi öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətləri, eyni zamanda 1993-cü ildən sonra Naxçıvan Muxtar Respublikasının inkişaf dövrü yeni nəşrin üçüncü fəslində işıqlandırılıb. Qeyd edək ki, bu fəsil Azərbaycan xalqının tarixində yeni bir dövrün başlanğıcı kimi xarakterizə olunur və ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı gözləyən fəlakətlərdən xilas etməsi, onun müstəqilliyinin möhkəmləndirilməsi üçün düşünülmüş uğurlu daxili və xarici siyasətin nəticəsində qorunub saxlanıldığı, inkişaf etdirildiyi və ictimai-siyasi həyatın sabitliyi təmin olunduğu müstəqillik illərindəki Naxçıvan Muxtar Respublikasının inkişaf yolunun təhlili verilir.
“Naxçıvan müstəqilliyin möhkəmləndirilməsi dövründə (1993-2016)” fəsildə oxuculara təqdim olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı”, “Sənayenin inkişafı. Yeni sənaye sahələrinin yaradılması”, Tikinti-quraşdırma və abadlıq işləri”, “Kənd təsərrüfatının inkişafı”, “Elektroenergetikanın yenidən qurulması, əhalinin və müəssisələrin qazla təmin edilməsi”, “Əhalinin sosial müdafiəsinin təmin edilməsi” və digər başlıqlı yazılarda 1993-cü ildən 2016-cı ilədək Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlərə ardıcıllıqlanəzər salınır, ulu öndər Heydər Əliyev ideyaları və siyasətinin Naxçıvanın eynilə Azərbaycanın uğurlarının əsası olduğu göstərilir.
Azərbaycan aliminə, ziyalısına, təhsilinə, elminə, mədəniyyətinə Heydər Əliyev qayğısı, onun tarixi-mədəni, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi sahələrinə göstərdiyi xüsusi diqqət və qayğı yeni nəşrin “Naxçıvan mədəniyyəti müstəqillik illərində” başlıqlı son fəslində geniş əhatəli bir şəkildə oxuculara çatdırılır. Zəngin materiallar əsasında göstərilir ki, ölkədə Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirməsi sayəsində bu gün Naxçıvan Muxtar Respublikası Azərbaycanın çox mühüm elm, təhsil və mədəniyyət mərkəzinə çevrilmişdir. Haqlı olaraq qeyd olunur ki, “Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi yolu xarakterizə etmək, inkişaf dinamikasını görmək üçün real həyata baxmaq kifayətdir”.
Akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikası Müstəqillik Yollarında” adlı monoqrafiyası inanırıq ki, tədqiqatçıların, bütövlükdə oxucuların dərin marağına səbəb olub stolüstü kitabına çevriləcək.
Türkanə BƏYLƏRLİ
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin əməkdaşı