|
|
|
|
Xəbər verdiyimiz kimi, avqustun 14-də Bakıda 41-ci Dünya Skaut Konfransı fəaliyyətə başlayıb.
Dünyanın 157 ölkəsindən, ümumilikdə 1500-dən artıq skautun qatıldığı bu beynəlxalq tədbirlərdə Dünya Skaut Hərəkatı Təşkilatı üzvlərinin nümayəndələri, müxtəlif ölkələrdən yüksək vəzifəli qonaqlar iştirak edir. Avqsutun 13-də isə konfrans çərçivəsində paytaxtımızın gözəl məkanlarından biri olan Fəvvarələr meydanında foto-sərgi açılıb.
Bakı Konqres Mərkəzində, eləcə də Heydər Əliyev Mərkəzində avqsutun 18-dək keçiriləcək Dünya Skaut Konfransında əsas mövzu skaut təşkilatlarının gələcək inkişafı, strategiya və fəaliyyətlərinin yaradılması, eləcə də gələcək dövrlərə təşkilatın rəhbər orqanlarına sədr və üzvlərin seçilməsidir.
Avqustun 7-dən 10-dək isə Qəbələdə 13-cü Dünya Skaut Gənclər Forumu keçirilib. Forum iştirakçıları gənc liderlik, fəal vətəndaşlıq mövqeyi, skautinqin dünyada baş verən qlobal dəyişikliklərə təsirinə dair mövzular ətrafında müzakirələr aparıb, eləcə də tədbirin bütün iştirakçıları arasında gənclər proqramlarının həyata keçirilməsi sahəsində təcrübə mübadiləsi ediblər. Forumda 133 ölkədən 320 gənc iştirak edib. Forum çərçivəsində "Mədəniyyət axşamı"nda hər bir iştirakçı öz ölkəsinin tarixi və ənənələrini, milli geyim, mətbəx, musiqi və rəqslərini nümayiş etdirib. Azərbaycanlı təmsilçilərin milli mədəniyyətimiz təqdim etməsi maraqla qarşılanıb.
13-cü Dünya Skaut Gənclər Forumu və 41-ci Dünya Skaut Konfransı miqyasına görə Avrasiya Skaut Regionunda keçiriləcək ilk irimiqyaslı və müsəlman ölkələri arasında ikinci ən böyük tədbirdir.
Ölkəmizdə keçirilən mötəbər tədbir bağlı fikirlərini bildirən Azərbaycan Skautlar Assosiasiyasının sədri İlyas İsmayıllı qeyd edib ki, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı tarixə düşən ən böyük skaut konfrans olub. O, SİA-ya bildirib ki, bundan öncə heç bir skaut konfransında bu qədər iştirakçı ölkə və qonaq olmayıb.
İ. İsmayıllının sözlərinə görə, konfransın ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması baxımından çox önəmlidir: "Çünki buraya gələn qonaqlar ölkəmizlə yaxından tanış olmaqla yanaşı, burada mövcud olan şəraiti və bütün həqiqətləri öz gözləri ilə görürlər".
Assosiasiya sədri hesab edir ki, Dünya Skaut Konfransı yüz minlərlə insan taleyinə, ən əsas da gənclərimizin taleyinə təsir edəcək bir tədbirdir: "Dünya Skaut Hərəkatının Azərbaycanda inkişafı gənclərimizin bundan daha çox faydalanmasına səbəb olacaq. Belə olan halda, gənclərimizin asudə vaxtlarını səmərəli təşkil edəcək, onlara əlavə bacarıqlar, təhsil və digər məsələlərlə təmin etmiş olacağıq".
İ. İsmayıllı əlavə edib ki, ümumiyyətə, bu günlərdə ölkəmiz dünya skautlarının mərkəzinə çevrilib: "Bildiyiniz kimi, Dünya Skaut Hərəkatı Təşkilatı, eyni zamanda, gənclər təşkilatıdır. Hərəkat çox nüfuzlu olmaqla yanaşı, 40 milyondan artıq insanı və 167 ölkəni özündə birləşdirir. Hazırda Bakıda həmin təşkilatın Baş Assambleyası keçirilir və vacib qərarlar qəbul edilir. Tədbirdə iştirak etmək üçün 1500 qonaq ölkəmizə təşrif buyurub. 41-ci Dünya Skaut Konfransının Bakıda keçirilməsi ilə Azərbaycanın adı dünya skautları tarixinə də düşüb".
Skautların Bakıdakı toplantısında iştirak etmək üçün BMT-nin sabiq baş katibi Pan Gi Mun da ölkəmizə səfər edib. O, AZƏRTAC-a bildirib ki, Azərbaycan ən genişmiqyaslı Dünya Skaut Konfransına ev sahibliyi edir: "Bu mənim Azərbaycana ikinci səfərimdir. Bakıya ilk dəfə Koreya Respublikasının xarici işlər naziri olarkən rəsmi səfər etmişdim. Yaxşı yadımdadır, mən BMT-nin baş katibi vəzifəsində çalışarkən Azərbaycan missiyası ilə sıx əlaqə saxlayırdım. Azərbaycan prezidenti İlham Əliyev sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir. Mən ona ürəkdən heyranam və onun liderlik qabiliyyətinə hörmət edirəm".
Pan Gi Mun ümidvardır ki, dünyanın hər yerindən bu mühüm tədbirə gəlmiş skautlar Azərbaycanın bəşəriyyət naminə, ümumi sülhün bərqərar olması naminə səyləri barədə daha çox məlumat əldə edəcəklər: "Bu prinsiplər dünya vətəndaşları olmağı arzu edən gənc skautları ruhlandırmalı və onların bu istəyini gücləndirməlidir".
Mötəbər tədbirlərlə bağlı ölkəmizdə olan dünya gəncləri də tədbirin yüksək səviyyədə təşkilindən məmnunluqlarını ifadə ediblər.
Avstraliyalı skaut Ross Tutin qeyd edib ki, Azərbaycana ilk dəfə səfər edib: "Təəssüratlarım olduqca yüksəkdir. Bakıda qədimlik və müasirliyin sintezinin şahidi olmaq məndə çox böyük maraq yaradıb. Təbii ki, yeni ölkələrə səyahət etmək çox yaxşıdır. Müxtəlif xalqların mədəniyyətləri ilə tanış olursan. Əminəm ki, Bakı konfransı dünya skaut hərəkatının inkişafına mühüm töhfə verəcək".
Konfransın Avstraliyadan olan digər iştirakçısı Kris Bates də bildirib ki, yeni ölkələrə səyahət etmək əla təcrübədir: "Bakıda skautların gələcək strateji planlarını müzakirə edirik. Mən Qəbələdə və Qobustanda oldum. Axşam saatlarında insanların şəhərdə gəzintisi məni valeh etdi. İçərişəhər haqqında çox eşitmişdim. Buranı görmək arzusunda idim. Çox sevinirəm ki, mənə İçərişəhərdə qalmaq qismət oldu".
Çinli Yosef Yi Leunq Lau isə qeyd edib ki, Bakı çox təmiz, səliqəli şəhərdir: "Dünya Skaut Konfransının burada keçirilməsindən çox şadam, təşkilatçılıq yüksək səviyyədədir. İştirakçıların rahat şəkildə müzakirə aparmaları üçün hər cür şərait yaradılıb. Dünən İçərişəhəri gəzdim, Azərbaycan mətbəxinizin ləziz təamlarını daddım, çox gözəldir".
Uqandadan olan Stiv Pauleusin sözlərinə görə, belə bir konfransda iştirak etmək çox xoşdur: "İlk dəfədir Azərbaycandayam. Ölkənizdə gedən inkişaf proseslərinin şahidi oldum. İnsanlar çox mehribandır, bizimlə dostcasına ünsiyyət qururlar".
Stiv Pauleusin həmyerlisi Riçard Kamya isə qeyd edib ki, Bakı skautların beynəlxalq konfransına uğurla ev sahibliyi edir: "Müxtəlif ölkələrin skautları burada çox faydalı müzakirələr aparırlar. Bizə yaradılan şəraitdən çox razıyıq. Hər şey əladır - hava limanından tutmuş konfransın keçirildiyi məkana qədər”.
Nigeriyalı Jaap Boot isə deyib ki, Azərbaycan onun çox xoşuna gəlib: "Bakı olduqca maraqlı şəhərdir. Belə bir şəhərlə tanışlıq, insanların qonaqpərvərliyi məndə unudulmaz hisslər yaradıb".
Finlandiyalı skaut Johanna Nyuman isə hesab edir ki, Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı yüksək səviyyəli təşkilatçılığı, iştirakçıların çoxluğu, müzakirələrin səmərəliliyi ilə seçilir: "Tədbirin keçirildiyi məkan - Bakı Konqres Mərkəzi, möhtəşəm memarlıq incisi olan Heydər Əliyev Mərkəzi çox gözəldir. Hər iki məkanda skautlar üçün əlverişli şərait yaradılıb. Bakıya gəldiyim üçün özümü çox xoşbəxt hiss edirəm".
J.Nyuman deyib ki, Bakı konfransında çox səmərəli fikir və təcrübə mübadilələri aparır, müxtəlif təqdimatlar dinləyir, skautların gələcək inkişaf strategiyalarını müzakirə edir, ən əsası dünya gəncləri ilə faydalı ünsiyyət qururlar: "Azərbaycanlı skautlarla da tanış olmuşuq və dostluq əlaqələri yaratmışıq. Bu əlaqələri inkişaf etdirəcəyik".
Səudiyyə Ərəbistanının nümayəndəsi Əhməd Ələbsi isə bildirib ki, Azərbaycanda landşaftların və iqlim qurşaqlarının müxtəlifliyi heyrətləndiricidir: "Burada həm meşələr, həm çöllər, həm də dəniz çimərlikləri var. Qəbələ çoxsaylı görməli yerləri olan son dərəcə gözəl diyardır. Bakı isə daim həyat qaynayan müasir şəhərdir. Azərbaycanlıların qonaqpərvərliyi də məni heyran etdi. İstər tədbir təşkilatçıları, istərsə də sadə insanlar bizə hər cür dəstək göstərirlər. Konfrans məzmunlu və maraqlı keçir. Bakı Konqres Mərkəzi kimi gözəl bir binada başqa cür ola bilməzdi".
Qonaq deyib ki, onun üçün skaut olmaq ilk növbədə harada olmağından asılı olmayaraq, daim başqalarına yardım göstərməyə hazır yaxşı insan və vətəndaş olmaq deməkdir: "Skautinq bir həvəs deyildir, onun ardıcıllarının həyat tərzidir".
Timur-lesteli iştirakçısı Oktaviano Das Neves Borges hesab edir ki, skautinq gənclər qarşısında geniş imkanlar açır, onlara öz ailəsi, ətrafdakı insanlar və ölkəsi qarşısında məsuliyyətli olmağı öyrədir: "Mən belə konfransa, eləcə də Azərbaycana ilk dəfədir gəlirəm. Çox gözəl ölkədir. Mən forumun keçirildiyi Qəbələdə olmuşam, indi isə Bakıdayam və bura çox xoşuma gəlir, xüsusən də insanların mehribanlığı. Ümid edirəm ki, sizin skautlar da nə vaxtsa, Timor-Lesteyə gələcək. Təqribən, 1,2 milyon əhalisi olan Timor-Leste Avstraliya ilə İndoneziya arasında yerləşən kiçik ölkədir. Özü də skautinq ənənələri bizdə çox güclüdür. Onların sayı 10 min nəfərdən çoxdur. Hələlik isə arzu edənlər Konqres Mərkəzinin foyesində açılıb, milli geyim və bəzəklərin, informasiya materiallarının və məşhur Timor-Leste qəhvə məmulatının təqdim edildiyi stenddə ölkəmizin mədəniyyətinin elementləri ilə tanış ola bilərlər".
Xatırladaq ki, Azərbaycan 2013-cü ilin fevralında Dünya Skaut Hərəkatı Təşkilatının əsas tədbirləri olan və üç ildən bir keçirilən Dünya Skaut Konfransı və Dünya Skaut Gənclər Forumuna ev sahibliyi edəcək tərəf kimi namizədliyini irəli sürmüşdü. Seçim nəticəsində qalib ölkə elan olunmuş Azərbaycan növbəti dəfə dünya miqyasında əhəmiyyətli beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib.
Qeyd edək ki, 1907-ci ildə lord Baden-Pauel tərəfindən təsis edilmiş Dünya Skaut Hərəkatı Təşkilatı sıralarında 40 milyondan artıq insanı birləşdirən 165 Milli Skaut Təşkilatının konfederasiyasıdır.
Azərbaycan Skautlar Assosiasiyası 1997-ci il oktyabrın 11-də təsis edilib və hazırda təşkilatın 16 regiondan 1750-dən artıq üzvü var. Təşkilat 2000-ci ildən etibarən ölkəmizi Dünya Skaut Hərəkatında təmsil edir.
Ceyhun ABASOV