|
|
|
|
Görkəmli bəstəkar Fikrət Əmirovun 95 illiyi münasibətlə noyabrın 22-də Fəxri xiyabandakı məzarı önündə anım mərasimi keçirilib.
Mədəniyyət və incəsənət xadimləri, bəstəkarın ailə üzvləri məzarın üzərinə gül-çiçək dəstələri qoyaraq sənətkarın xatirəsini ehtiramla yad ediblər.
Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə anadan olub. Onun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorlarından G.Rojdestvenski (Rusiya), K.Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) bədii rəhbərliyi ilə ifa olunub. Görkəmli dramaturq Cəfər Cabbarlının pyesi əsasında yazdığı "Sevil" operası ilə o, Azərbaycanda lirik-psixoloji operanın əsasını qoyub. Bəstəkar, həmçinin, musiqi mədəniyyətimizə konsert janrının da yaradıcısı kimi daxil olub. Yaratdığı simfonik muğam janrı "Şur", "Kürd-Ovşarı" və "Gülüstan - Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası", "Azərbaycan qravürləri" sənətkarın zəngin irsinin dəyərli səhifələrini təşkil edir.
Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə vurğulayıb ki, yaradıcılığı zəngin milli köklərə əsaslanan Fikrət Əmirov Azərbaycan musiqisinin yeni mərhələdə inkişafını təmin edən şəxsiyyətlərdəndir. Onun simfonik muğam və muğam-poema janrlarında olan əsərləri Azərbaycanın özünəməxsus musiqi mədəniyyətinin mövcudluğundan xəbər verir.
Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli deyib ki, Fikrət Əmirovun yaratdığı zəngin musiqi əsərləri Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi mərhələ təşkil edir.
Bəstəkarın bacısı Şəfiqə Daşdəmirova sənətkarın xatirəsini əziz tutan insanlara, yubileylə bağlı mədəniyyət tədbirlərinin təşkilatçılarına minnətdarlığını bildirib. Vurğulayıb ki, bəstəkarın bütün yaradıcılığı onun doğma torpağına və milli ruhuna bağlı idi.
Fikrət Əmirovun oğlu - Əməkdar incəsənət xadimi Cəmil Əmirov anım mərasiminə gələnlərə minnətdarlığını bildirib.
XƏDİCƏ