|
|
|
|
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı filialında nəğməkar şair, dramaturq, Əməkdar incəsənət xadimi İslam Səfərlinin 95 illiyi münasibətilə "Şairi söz ucaldır" adlı tədbir təşkil edilib.
Əvvəlcə tədbir iştirakçıları kitabxanada İslam Səfərlinin əsərlərindən ibarət "Pıçıldaşan ləpələr" adlı kitab sərgisi ilə tanış olublar.
Tədbir iştirakçılarına şairin yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, 18 kitab müəllifi olan İslam Səfərli oçerk, novella, libretto və kinossenari, məqalələr müəllifi kimi də tanınıb.
Onun dramaturq kimi də uğur qazandığını söyləyən natiqlər qeyd ediblər ki, İ.Səfərlinin "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s. əsərləri müxtəlif vaxtlarda, ayrı-ayrı bölgələrdə tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.
Qeyd edilib ki, şairin "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sındırmışam", "Qonaq gəl bizə", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız", "Ağ xalatlı həkimlər", "Gəncliyimi gəzirəm", "Aylı gecələr" və s. bu kimi yüzlərlə mahnısı dillər əzbəridir.
Tədbirdə iştirak edən məktəblilər şairin şeirlərindən nümunələr söyləyiblər.
XƏDİCƏ