|
|
|
|
Bir dəqiqəlik sükut... Belə başladı dastanımız... Bir bahar səhəri, günəşi bir az hüznlü, bir az qürurlu qarşıladı...
Bir qədər də Günəş odlu qürurundan pay verdi Aprel səhərinə, qızılı şəfəqlərlə süzüldü insanların çöhrəsinə, kütlə arasında seçilən zabit mundirinin çiyinlərində şölələndi, gözlər bu zərli paqonlardan qələbə umdu...
Bir dəqiqəlik sükut... Adı sükut olan bu bir dəqiqədə neçə-neçə yarımçıq ömrün tarixçəsi vardı... Arzuları, igidlikləri, əlini öpdükləri, boyunu sevdikləri, qəlbini oxşadıqları qaldı ömürlərinin qalanında. Bir ömür yarısında fərqləndilər, seçildilər və beləcə işğal altda əsir düşən məhbus torpaqlarımızı azad etmək, qürurumuzu qorumaq naminə qəhrəmanlıq zirvəsinə yüksəldilər, Vətənləşdilər, müqəddəsləşdilər...
Bir dəqiqəlik sükut... Bu sükutun zəhmində gizlənən fəryad nədir? Sükut, yoxsa lal haray? Şəhidliyin təntənəsini, vətənsevərlərin son sözünü, kağız parçalarına yazılmış etiraflarını, Vətənin çəkmələrdə qurumuş inildəyən torpaqlarını dolaşan sürət seli nəzərlərdə cəmləşdi, itiləşdi, məğrurlaşdı...
Bir dəqiqəlik sükut... Bu sükutun harayından qulaqlar cingildədi... Kimsə qaçırtmadı nəzərini... İgidliyi, mərdliyi, şücaəti tərənnüm edən ömrü bir dəqiqənin əbədi yuxuya bərabər sükutunda çatdırmaq istədi baxışlar!..
lll
Atasının gözlərindən boylanır Samid "Unutmadıq, unutmarıq" pıçıldayan sükuta... Ata bir dəqiqəlik sükutda yenidən yaşatdı Samidin 35 illik ömrünü... Gülağa İmanov məğrur görkəmiylə Samidin yoxluğunu ürəyinə axıtdı, 2 qız övladından sonra ilk oğul övladının ailəyə gəlişini, sevincini, fəxrini xatırladı. Oyuncaqlarının arasında axtardı Samidi, oyuncaq avtomatı çiyninə taxdığını gördü, hələ 8 yaşındaykən 20 yanvarın Neftçaladakı müdhiş dalğasına pəncərədən boylanaraq "Ata, şar atırlar", "Şar deyil, oğlum, güllədir, gizlən" sözünə "Mən qorxmuram , böyüyüm, onlardan bu qisası alacam" deyən səsi qulaqlarında səsləndi, bir də yazı masasının arxasında tapdı Samidi. Qucaqladı oğlunu, sevdi, əzizlədi, xəyalında böyütdü. Samidin Ali Hərbi məktəbə daxil olduğu və diplomunu aldığı günü xatırladı. Ürəyinin bərkdən döyündüyünü hiss etdi. Ali Baş Komandan Samidi təltif edirdi...
Bir dəqiqəlik sükutun altmışıncı saniyəsi...
Xəyaldan ayrıldı. Samidin şəhidlik zirvəsinə ucalaraq qəhrəmanlıq salnaməsinə adını yazdığı qələbə müjdəli aprel səhəriydi. Artıq qələbənin və şərəfli ömrün ikinci ildönümü qeyd edilirdi.
Həzin bir səs qulaqlarını oxşadı. "Vətəni sevmək imandandır". Bu ilahi kəlamla başlayırdı Samidə həsr olunmuş şeir.
Ey vətənin igid oğlu, qəhrəmanım!
Əynindəki libasına, çiynindəki silahına qurban olum!
Sənin o mərd duruşuna, məğrur-məğrur baxışına
Qəlbindəki yurd eşqinə,
Namus, qeyrət atəşinə qurban olum!
Ey vətənin igid oğlu, qəhrəmanım!
Addımıyla yer titrədən!
Eniş, yoxuşu bilmədən,
İstisində, sazağında
Həm qışında, həm yazında
Səngərdəki keşiyinə qurban olum!
Ey vətənin igid oğlu, qəhrəmanım!
Dilindəki "Öncə Vətən" kəlməsinə,
Millətimin haqq yoluna, haqq səsinə,
Düzlərinin çiçəyinə, qönçəsinə...
Qayasına baş qoyduğun,
Qarış-qarış qoruduğun,
"Vətən" adlı o müqəddəs torpağına qurban olum!
Torpağına qurban olum!
Samidin ayaq izlərini əzizləmişdilər, libasına, silahına qurban olmuşdular. Bir də namus, qeyrət atəşinə qurban olum demişdilər axı...
Artıq Samid bütün xalqın qəlbindədi deyə rahatladı bir az. Dərindən köks ötürdü bütün ruhuyla Samidləşən ata...
... və bir də dərindən köks ötürdü....
Gülqədəm MİRZƏZADƏ