|
|
|
|
(Əvvəli 16 yanvar sayımızda)
Mən artıq yeniyetməlik dövrünü keçmişdim, qıza çevrilmişdim. Bədənimdəki gözoxşayan simmetriya və proporsionallıq fiqurama bir gözəllik, harmoniya verirdi. Bunu mənə təkrar-təkrar deyirdilər. Sifət cizgilərim də cəzibədarlıq qəbul etmişdi. Vaxtilə çirkin ördək balası olan qızcığaz gəlinliyə hazırlaşan bir füsunkarlıq qazanmışdı, qu quşuna çevrilmişdi. Alver edənlərin çoxu məhz nəyisə seyr etmək və az da olsa söhbət etmək üçün mənə yaxınlaşırdı. Oğlanlar, hətta yaşlı kişilər gözəlliyimin tərənnümü qaydasında mənə saxta təriflər yağdırırdılar, məndə aldadıcı təsəvvür yaradırdılar ki, guya mən təkcə paytaxtda, heç ölkədə də deyil, hətta dünyada ən gözəl qızam. Bu ucuz tərifləri, boğazdan yuxarı deyilmiş sözləri mən həqiqət kimi qəbul edir, həyat tərzimə uyğun gəlməyən ambisiyalarla yaşayırdım. Bir dəfə çox şit danışığı ilə məni dəng edən oğlan dedi ki, təəccüblüdür ki, belə gözəl qız Bolivudda filmlərə çəkilmək əvəzinə, küçədə çərəz satmaqla məşğul olur. Onun sözü o qədər də dərin olmayan ağlıma batdı, bir müddət Mumbaya, Bollivuda getmək arzusu ilə yaşadım. "Bakıdan guya yeni Ayşvariya Ray oraya gələcəkdir ki, ən bahalı filmlərə çəkilsin" xülyası beynimi tərk etmirdi. Bir azdan bu xülya da səhər dumanı kimi yoxa çıxdı. Çünki başa düşdüm ki, doğma torpağın bir ovucu özgənin hətta bir pud qızılından qiymətlidir.
Sonra başqa bir dilavər oğlanla tanış oldum, onun anası saz, söz sənəti diyarından olduğundan, oğlan da dil boğaza qoymayıb, məni tərifləyirdi və dərdimdən az qala dəli olduğunu, öldüyünü söyləyirdi. Sonra o, ciddi görkəm alıb deyirdi ki, mən səninlə evlənmək, ailə qurmaq istəyirəm, bizim çoxlu övladlarımız olacaqdır və onlar gözəllikdə sənə oxşamaqla dünyanın qeyri-adi uşaqları olacaqlar. Mən bir ziyalı kişidən Bernard Şou barədə eşitdiyimi ona təkrar etdim. İrland yazıçısı Nobel mükafatına layiq görüldükdən sonra Amerikadan olan bir qadın ona məktub göndərərək, onunla evlənməyi təklif etmişdi. Bunu belə bir arqumentlə əsaslandırmışdı ki, bizdən olan uşaq ağılda sənə, gözəllikdə isə mənə oxşasa, dünyanın ən nadir insanı olacaqdır. Şou ona cavab vermişdi ki, birdən tərsinə oldu, uşaq ağılda sənə, gözəllikdə mənə oxşasa, o, dünyanın ən bədbəxt adamı olacaqdır. Ona görə də mən sənin təklifinlə razılaşa bilmərəm. Yazıçı həmin xəyalpərvər xanımdan yaxasını qurtara bilmişdi. Mənsə hansısa bir çıxış yolu tapa bilmirdim. Düzü, həm də ərə getmək, kasıblıqdan uzaqlaşmaq istəyirdim.
Oğlan da məndən əl çəkmirdi, şirin dilini rep oxuyanlar kimi kəsmirdi. O, mənim qəlbimi ovsunlaya bildi və mən də onu sevməyə başladım. Mən ona nişanlım deyə müraciət edirdim. O, qonşu küçədəki ərzaq mağazasında satıcı işləyirdi, bəzən məni ucuz şokolad konfetinə qonaq edirdi. Güman edirdim ki, ona ərə gedəndən sonra isti şokolad gölündə üzəcəyəm. Bir gün mənə dedi ki, dostum ikimizi evinə qonaq çağırıb. Mən getmək istəmədiyimi bildirdikdə, o dedi ki, dostum məndən inciyəcəkdir, hökmən getməliyik.
Şənbə günü axşam onun dostunun kirayə yaşadığı birotaqlı evə getdik, dostu bizi mehribanlıqla qarşıladı. Stolun üstündə bir şərab butulkası və üç stəkan, bir kiçik tort qutusu qoyulmuşdu. Biz yeməyə başlamaq istəyəndə nişanlımın dostunun telefonuna zəng gəldi. Onu işə çağırırdılar, özü belə izahat verdi və bizi tək qoyub getdi. Nişanlım ikimizə şərab süzdü, mən içə bilmədiyimi deyib, tortdan yedim. O, tez-tez içib, butulkanı boşaltdı, ya sərxoş olmuşdu, ya da özünü sərxoş kimi göstərirdi. Durub arxadan məni qucaqladı və dodaqlarımdan sora-sora öpdü. Sonra o, koftamın düymələrini açdı və məni soyundurdu. Çılpaq şəkildə çarpayıya uzandırdı, öpüşləriylə məni əzizləməyə başladı. O, bir ovçu instinkti ilə hərəkət edirdi, ov quşunun yaxınlaşmağının vaxtının çatdığını hiss etmişdi. Sonra o, məqsədinə çatmaq üçün istədiyi işi gördü.
Mən yuxudan ayılan kimi oldum, qızlığımın, bəkarətimin itirilməsini özümə vurulan ağır zərbə kimi qəbul etdim və gələcəyimə xəyanətimə görə özümə nifrət etməyə başladım. Ruhiyyə adlı qız artıq öyündüyü gözəlliyinin də qürubunun baş verdiyini gördü. Öz günahım da az deyildi, axı bir müddət odla oynamışdım. Panikam getdikcə böyüyürdü. Uzun müddətli flirtimiz, mazaqlaşmamız belə nəticələndi, qorxu mənim halıma hakim kəsildi, qaçmaq, yox olmaq, torpağın altına girmək istəyirdim. Nişanlım mənim vəziyyətimə görə təlaş keçirmirdi, axı hər şey mənim özümün razılığım ilə baş vermişdi. O, məni qınamağa, məzəmmət etməyə başladı:
- Niyə mütəəssir olursan? İlk gecəni də mənə həsr edəcəkdin, hesab elə ki, biz toyumuzu qabaqladıq. Toyu tezləşdirməliyik ki, gözləmədiyimiz bir şey baş verməsin. Xeyir işimizi ən yaxşı şadlıq evlərindən birində keçirəcəyik.
Ruhiyyə söhbətinə davam etdi:
- Sadəlövh bir qız kimi mən onun dediklərinin hamısına inanırdım, bu hadisədən çox qorxsam da, qarşıdakı toyu gözləyirdim. Bir həftə keçməmiş, nişanlımın anası mənə yaxınlaşıb və Ruhiyyə olub-olmadığımı soruşdu. Sonra gül ağzını açdı:
- Ay ləçər, ay fahişə! Mənim oğlumu toruna salmaq istəyirsən. Onu görməyəcəksən, oğluma nişan da qoymuşam. Əgər bir də mənim oğlumun adını çəksən, səni qorxulu xəstəliyi yayan əxlaqsız qız kimi həbs etdirəcəyəm.
Nişanlımın anası istədi mənə əl qaldırsın, yaxındakılar ona mane oldular, qadın məni söyə-söyə, adımı ən təhqiramiz ifadələrlə adlandıra-adlandıra çıxıb getdi.
Bizim yaşadığımız qəsəbə kiçik olduğundan, kəndə xas olan xarakterik xüsusiyyətlərini qoruyub saxlayırdı. Məni söyən, təhqir edən arvadın mənə ünvanlanan lənətlərindən çox vaxt keçməmiş hamı hali idi. Hətta o, şayiə yaydırmışdı ki, mən SPİD xəstəsiyəm, məni izolyasiya etməsələr, bütün qəsəbənin kişilərini bu xəstəliyə yoluxdura bilərəm. Onun bu iyrənc iftirası öz işini gördü, mənim alverim sıfıra yaxınlaşdı, anamın da alveri xeyli azaldı.
Mən böyük dərd içərisində idim. Arzusu ilə yaşadığım toy tamamilə yaddan çıxmışdı. Nişanlım adlandırdığım satıcı oğlanla mənim nikaha girmək şansım artıq hər ikimizin birgə Kanaveral burnundan raketlə Aya səyahət etməyimizə bərabər ola bilərdi.
Nişanlı adlandırdığımın anasının söyüşləri boş yerdə yaranmamışdı. Mən əvvəlcə xırda mazaqlanmaqla kifayətlənirdim, sonra isə bütün dünyamı itirdim. Bunların hamısı acizliyimə və sadəlövhlüyümə görə baş verdi. Günahkar özüm idim, gərək sayıqlığımı itirməyəydim. Mən ona inanmışdım. Heç kəsə inanmamaq isə həyatın özünün qanunudur. Qorxu məni bürüdü, bir andaca yox olmaq, torpağın altına girmək barədə həyata keçməyən istək məni boğurdu. Çox arzu edirdim ki, bir də onunla qabaq-qabağa gəlməyim. Ağlayırdım, düşünürdüm, sonra yarı təsəlli, yarı özünü ittiham xatirinə bu fikrə gəldim ki, bu, öz taleyimdir, həyatla apardığım uğursuz mübarizənin yeni bir bəndi, mənə çatan acı töhfəsidir.
Mən ilk dəfə gerçəkliyi bütün çılpaqlığı ilə gördüm. Başlıca nəticə bu oldu ki, özümə vurğunluq səfehliyinə birdəfəlik son qoydum. Ağır zərbə hesabına mən dünyanın bütün sirlərinə yaxınlaşdım. Tək ağlımda deyil, bədənimdə də titrəməyə səbəb olan soyuq külək əsməyə başladı, elə bil ki, bədənimin bütün məsamələri şaxtanı qəbul etmək, məni dondurmaq üçün açılmışdı. Məni ildırım vurmuşdu, bu andan sevincimə səbəb olan hər şey yoxa çıxmışdı, qeybə çəkilmişdi. Artıq heç bir şey, hətta günəş belə mənim qanımı isidə bilmirdi. Deyirlər ki, şaxta da qızdırır. Ancaq mən bunu da hiss etmirdim. Sonralar bədbəxtliyimin üzərinə yeniləri əlavə olundu.
Yapon yazıçısı Akutaqavanın kitabında oxuduğum söz yadıma düşdü: "İnsan həyatı cəhənnəmin özündən artıq cəhənnəmdir". Belə bir fikir vardır ki, su həmişə özünə yol tapır, hərəkətini dayandırmır. Bədbəxtlik də belədir, dayanmır, bir səhnəsinin arxasınca daha qorxulusu gəlir. Həyat özünün dişli təkərləri ilə səni əzməyə başlayır, dişlər bədənə çox iri iynələr kimi sancılır.
Mən həm də çıxılmaz vəziyyətdə idim, ailəmizə aclıq üz verə bilərdi. Bir müddət sonra küçədən evimizə dönəndə, bahalı maşından düşən bir kişi qabağımı kəsdi və dedi:
- Gözəl qız, səni restorana, sonra isə ürəyin istəyən kimi əylənməyə dəvət edirəm. Əyləncə xidmətinin də xərci bütünlüklə və artıqlamasilə ödəniləcəkdir. Biz dostluğumuzu sonra da davam etdirə bilərik.
Yazıq Ruhiyyə dilemma qarşısında qalmışdı, ac ailə və olduqca faydalı təklif. Söhbətini davam etdirdi:
- Ehtiyac öz qanunlarını diktə edir və ona görə də bu imkanlı kişinin təklifini rədd etməyib, maşınına əyləşdim. Beləliklə, biabırçılıq odisseyamın bünövrəsi qoyuldu. Zərurət hansısa bir məqsədə çatmaq üçün ona müvafiq olan vasitələri seçməyi tələb edir. Mən də belə zərurət qarşısında qalmışdım, acizlik göstərdim, ancaq bunu özümdən daha çox anama və kiçik bacıma görə etdim. Əslində, başqa yolum da yox idi. Özümü lənətləyir, lakin həm də təskinlik tapırdım ki, onların və özümün ac qalmağımıza artıq imkan verməyəcəyəm. Susuzluqdan yanan adam çirkli gölməçənin də suyunu içir. Afrika savannalarında quraqlıq dövrü başlayanda vəhşi heyvanlar palçıqlı suyu da içməyə məcbur olur. Mən də oxşar vəziyyətdə idim. Kimsə məni məzəmmət edə, lənətləyə bilər, ancaq heç kəs şəraitinin də çox ağır olduğunu nəzərdən qaçırmamalıdır.
Ruhiyyə dedi:
- Mən özümə bəraət qazandırmıram, ancaq öz övladını öldürən qatil ata da cəzasını yüngülləşdirmək üçün məhkəmədə ən sərsəm yollarla cinayətinə azacıq da olsa haqq qazandırmağa çalışır. Özümü təmizə çıxarmaq üçün nələri uydursam da, əlahəzrət fakt göz qabağındadır, mən əxlaqsızlıq yoluna düşmüşəm, "gecə kəpənəyi", fahişə adlanıram. Məni belə tanıyırlar.
Musiqidən başı çıxanlar isə bizi "traviata"adlandırırdılar, bu, italyan dilində "yıxılmış", "azmış" mənasını verir. Cüzeppe Verdinin məşhur operası da belə adlanır. Özümü mən insan deyil, insan zibili hesab edirəm. Heç bir ən qəddar hakim də müttəhimini belə ağır sözlərlə "mükafatlandıra" bilməzdi.
Sonra öz peşələrinin məlum olmayan sirləridən söhbət açdı:
- Siz mənim vəziyyətimi bir andaca bildiniz, öyrəndiniz, məni sorğu-suala tutdunuz. Ona görə də peşəmizin, bəlkə də, sizə məlum olmayan çətinliklərindən, əslində, dəhşətlərindən danışmaq istəyirəm, güman edirəm ki, belə açıq-saçıqlığa görə məni qınamayacaqsınız.
Biz cəmiyyətin ən köməksiz, müdafiəsiz üzvləriyik, əslində, çox fağır bəndələrik. İstənilən adam bizi təhqir edə, söyə bilər, çünki biz həyatın dibində məskunlaşan fərdlərik. Yəqin ki, yuvadakı ağzı sarı ətcəbala körpə quşları görmüsünüz, onlar yaşamaq üçün yumurtadan çıxmışlar, ancaq köməksizdirlər, hərəkət edə bilmirlər, yuvadan yıxılsalar, yerə çırpılıb ölə bilərlər, anaları gec gəlsə, aclıq onları məhv edə bilər. Biz onlardan o qədər də fərqlənmirik. Faşistlər Almaniyada yaşayan yəhudiləri paltarlarının döşündə "David ulduzu"nun sarı parça nişanını gəzdirməyə məcbur edirdilər ki, onlar "arilərdən" fərqli olduqlarına görə tanınsınlar. Bizdə də ömrümüz boyu zəiflik nişanəmiz olan ağzımızın sarısı getmir, yəhudiləri fərqləndirən ulduz kimi, peşəmizin ruhumuza hopmuş əlamətlərinə görə hamıdan fərqlənirik. Bizi təhqir etmək, döymək, çolaq etmək, hətta öldürmək də elə bir çətin iş deyildir. Çünki cəmiyyət bizə parazitlər kimi baxır, parazitlərin ölümü isə adamları ən azı xəstəliklərdən qoruyur.
(Ardı var)