|
|
|
|
Xaricdən Azərbaycana ölü donorun və hissələrinin gətirilməsinə və ölkədən xaricə göndərilməsinə icazə verilir.
Bununla bağlı "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan layihə Milli Məclisin (MM) Səhiyyə komitəsinin dünən keçirilən iclasında müzakirə olunub.
Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Həmçinin, Azərbaycanda ksenotransplantasiya qadağan edilir.
Bununla bağlı adıçəkilən qanuna yeni maddə əlavə olunur. Əlavə edilən 4-1 (Ksenotransplantasiyanın qadağan olunması) maddəsində ksenotransplantasiyanın qadağan olunduğu əks olunub. Ksenotransplantasiya insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsidir. Eyni zamanda, Azərbaycanda canlı donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri konkretləşib. Belə ki, mövcud qanunun 12-ci (Canlı donordan orqan və (və ya) toxumaların götürülməsi şərtləri) maddəsinə edilən dəyişikliyə əsasən, digər tibbi üsullarla və meyit orqan və (və ya) toxumaları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda resipiyentə canlı donordan orqan və (və ya) toxumaların transplantasiyasına yol verilir.
"Komitəmizin iclasının gündəliyinə çıxarılan hər iki məsələ səhiyyəmizin inkişafına böyük təsiri olacaq qanun layihələridir". Bunu isə müzakirələr zamanı MM-in Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib. O qeyd edib ki, həmin sənədlər "Tibbi optika haqqında" yeni qanun layihəsi və transplantasiya ilə bağlı qanunvericiliyi dəyişiklikləri nəzərdə tutan qanun layihəsidir. Komitə sədri transplantasiya ilə bağlı qanunvericiliyə dəyişikliklərlə əlaqədar hələ bir müddət öncə İşçi Qrupu yaradıldığını və orada xeyli işlər görüldükdən sonra, məlum qanun layihəsinin hazırlanıb müzakirələrə təqdim olunduğunu bildirib. Akademik bildirib ki, bu gün dəyişikliklərin bir qismi müzakirə olunur, gələcəkdə növbəti dəyişikliklər də müzakirələrə təqdim olunacaq: "Qeyd edim ki, bu gün dünyada orqan və toxuma transplantasiyası çox geniş yayılıb. Dünyada ildə təxminən 300 min orqan və toxuma transplantasiyası aparılır. Bunun təxminən 100 mini orqan, 200 mini toxuma transplantasiyasına düşür. Məsələn, dünyada 1 milyon insana ildə 75 böyrək transplantasiyası düşür..."
Orqanların götürülməsində "qohumlar" problemi
Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, əslində, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun tamam dəyişdirilir. O qeyd edib ki, mövcud qanunun cəmi olduğu kimi saxlanılır: "Qanuna 8 yeni maddə əlavə olunub. Ümumiyyətlə, qanunda 50-yə yaxın ciddi dəyişikliklər və əlavələr nəzərdə tutulur". M. Quliyev ilk dəyişikliyion isə qanunun adında aparıldığını bildirib: "Biz ilk dəyişikliyi ilk növdədə qanunun adında apardıq, onu "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" adlandırdıq. Çünki dəyişikliklərin ruhu ilk öncə qanunun adından başlayır və başlamalıdır". Komitə sədrinin müavini bununla belə, bildirib ki, qohumlarının icazəsi olmadan qəza və xəsarət nəticəsində dünyasını dəyişən insanların orqanlarının götürülməsi məsələsi ətrafında hələ ki razılığa gəlinməyib: "Əslində, dünya qanunvericiliyində bu məqam var. Yəni qohumların icazəsi olmadan qəza və xəsarət nəticəsində dünyasını dəyişmiş insanın sağlam qalmış orqanları məhkəmə-tibbi ekspertizanın iştirakı ilə götürülə bilir. Onlara belə bir hüquq verir. Amma bizdə hələlik bu məsələ ilə bağlı razılıq əldə olunmayıb. Amma hesab edirəm ki, bizdə də bu məsələ olmalıdır. Bəzən qəza nəticəsində dünyasını dəyişmiş insanın orqanı yararsız hala düşə bilər, yəni qohumları gecikdiyi və ya olmadığı üçün həmin insanın orqanlarından istifadə mümkün olmaya bilmir. Ona görə də bu məsələdə məhkəmə-tibbi ekspertizaya hüquqlar verilməlidir ki, qohumları, daha çox da uzaq qohumları gözləmək lazım gəlməsin".
"Ölü donor" nə qədər uğurlu ifadədir?
Millət vəkili Qənirə Paşayeva hesab edir ki, orqan transplantasiyasında qohumların icazəsi mütləq lazımdır. Millət vəkili qeyd edib ki, xüsusilə də, "ölü donor"larla bağlı məsələdə bu icazə mütləq nəzərdə tutulmalıdır: "Axı, qəza və təbii fəlakətlər zamanı dünyasını dəyişən insanın öz orqanlarını kiməsə bağışlayacağını əvvəlcədən necə bilmək və müəyyənləşdirmək olar? Onların qohumları sabah deməzlərmi ki, bizim bundan xəbərimiz olmayıb, bizdən xəbərsiz onun orqanları niyə götürülüb və sairə? Belə bir məsələ də var ortada. Bu, çox önəmli məsələdir. Ona görə də bu məsələdə, yəni dünyasını dəyişən insanların sağlam orqanlarının götürülməsi məsələsində yaxın qohumların iştirakı, icazəsi mütləq olmalıdır".
Ə.Əmiraslanov da öz növbəsində "Ölü donor" ifadəsinə etiraz edib və bunu uğurlu variant adlandırmayıb: "Bu ifadə əslində, düzgün çıxmır. Bu, görünür tərcümədən irəli gəlir. Amma hesab edirəm ki, bu ifadə dəyişilməlidir".
Millət vəkili Kamilə Əliyeva da "ölü" və "canlı" donor ifadəsinin düzgün olmadığını bildirib: "Biz bunu belə yaza bilərik-donor (sağ) və donor (ölü). Əslində, "ölü" sözünü də başqa bir sözlə ifadə etmək olar".
"Ölü donor" ifadəsi istəsək də-istəməsək də, işlənəcək. Çünki bu ifadəni başqa cür dəyişmək olmaz. Bu, məhz belə olmalıdır". Bu təkliflə də Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasında "Cərrahiyyə və Orqan Transplantasiyası" şöbəsinin müdiri Mircəlal Kazımi çıxış edib. O qeyd edib ki, bu ifadəni "kadavra" kimi yazmaq daha düzgün çıxış yolu olardı: "Ölü donor" ifadəsi ilə insanları qorxutmamaq üçün bu ifadəni ancaq "kadavra" kimi yazmaq daha düzgün olar. Başqa cür ifadə yerinə düşməz".
Kamil HƏMZƏOĞLU