|
|
|
|
Dünən Milli Məclisdə (MM) Aqrar siyasət komitəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin birgə təqdimatı keçirilib.
Adıçəkilən komitənin sədri Eldar İbrahimov bildirib ki, təqdimat torpaqların elektron kadastrı uçotunun bəzi rayonlarda başa çatdırılması ilə bağlıdır. "Bu gün biz buraya mərhum dövlət başçısı Heydər Əliyevin başçılığı ilə Azərbaycanda uğurla həyata keçirilmiş torpaq islahatlarının nəticələri ilə bağlı yığışmışıq. Qeyd edim ki, hələ Azərbaycanda islahatlara başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasında torpaq islahatları həyata keçirildi. Şəxsən mən özüm həmin islahatların şahidi olmuşam. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən qısa müddət sonra isə Azərbaycanda bütövlükdə torpaq islahatlarına start verildi. "Torpaq islahatı haqqında" qanun qəbul edildi və çox uğurla icra olundu" - deyən, komitə sədrinin sözlərinə görə, Azərbaycan keçmiş MDB məkanında ilk ölkə idi ki, belə bir islahata gedirdi: "Bu, inqilabi islahat idi".
Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycanda 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxsin sərəncamında olan kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə, istifadəsiz qalması faktları aşkarlanıb. O qeyd edib ki, görülən tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib: "Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib. Mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaqların uçotu komitə tərəfindən aparılır. Komitə bu işləri yeni texniki vasitələrlə həyata keçirir. Bütün ölkənin ərazisi mühəndislər tərəfindən dəqiq ölçülür. Məlumat bazası canlı və işlək olacaq. Bu gün hər hansı bir əmlak haqqında sərəncam verilir və qeydiyyat aparılırsa, kadastr xəritəsində əks olunur. Əvvəllər mövcud olan torpaqların koordinatları arasında uyğunsuzluq mövcuddur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kadastr xəritələri tam hazır olduqdan sonra dövlət orqanları da bundan istifadə edəcək. Ölkənin vahid torpaq fondu barədə məlumat bazası hazır olduqdan sonra bütün dövlət qurumları bundan yararlanacaq". R. Cəlilov həmçinin deyib ki, torpaqlara nəzarətin təkcə müfəttiş vasitəsilə deyil, gələcəkdə elektron səviyyədə həyata keçirilməsi nəzərdə tutulur: "Bununla bağlı xarici təcrübə öyrənilib. Sloveniya şirkəti ilə sənəd imzalanıb. Onlar bizə bu torpaqlara peyklə nəzarəti ilə bağlı sistemi hazırlayacaqlar. Bununla da bütün torpaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları öyrənmək mümkün olacaq".
Millət vəkili Eldəniz Səlimov isə qeyd edib ki, bölgələrimizdə torpaqlardan təyinatı üzrə istifadə edilməməsi və ya ümumiyyətlə, istifadə olunmaması məsələsi, problemi var: "Bununla bağlı dəfələrlə həm komitə iclaslarında, həm də plenar iclaslarda müzakirələr aparılıb, narahatlıqlar bildirilib. Qeyd olunub ki, torpaq bütün hallarda onun sahibləri, istifadəçiləri tərəfindən istifadə olunmalıdır, xüsusən də, təyinatı üzrə. Amma bu məsələdə diqqətli olmaq da gərəkir. İnsanlar, torpaq istifadəçiləri arasında narazılığın baş verməməsinə çalışmaq lazımdır. Onlarla hərtərəfli söhbətlər ararılmalı, bildirilməlidir ki, əgər torpağın varsa, onu da təyinatı üzrə istifadə etməlisən, etməsən, o zaman səni filan-filan problemlər gözləyə bilər".
Millət vəkili bildirib ki, çünki bu məsələdən bəzi qüvvələr, niyyəti, məramı xoş olmayan insanlar istifadə edə, narazılıq görüntüsü yaratmağa cəhd edə bilər: "Bilirsiniz, Azərbaycanda əkinə yaralı torpaq sahələri o qədər də çox deyil. Üstəlik, torpaqlarımızın, əkinə yararlı ərazilərimizin bir hissəsi erməni işğalı altındadır. Ona görə də bu məsələdə çox diqqətli, çox həssas olmaq lazımdır. Torpaqlara yiyələnib, sahiblənib onları çəpərləyib boş, istifadəsiz saxlamaq olmaz, bu, düzgün deyil. Bunu torpaq sahiblərinə, icarədarlara, sahibkarlara, iş adamlarınada da bu cür şəkildə başa salmaq, anlatmaq lazımdır. Anlatmaq lazımdır ki, boş qalan torpaq sahələrindən düzgün, təyinatı üzrə istifadə edilsə, həm onun özünə, həm dövlətə, həm də cəmiyyətə xeyri olar. Həmin torpaqlar boş, istifadəsiz saxlanılmamalıdır, mütləq istifadə edilməlidir və sairə... Əgər kimlərsə, bunlardan yaxşı mənada dərs çıxarmayacaqsa, o zaman onlara xəbərdarlıq olunmaqla, bir sıra ölçülər götürülə bilər və götürülməlidir. Yəni, heç bir halda imkan vermək olmaz və verilməməlidir ki. kimlərsə bu məsələdən sui-istifadə etsin, narazılıq görüntüsü yaratmağa nail olsun. Amma bir daha qeyd edirəm ki, torpaqlar varsa, onlar mütləq və mütləq təyinatı üzrə istifadə olunmalıdır. Həm də yerlərdə "örüş yerləri" ilə bağlı məsələ öz həllini tapmalıdır. Parlamentin yaz sessiyasının son iclasında da komitəmizin sədri Eldar İbrahimov bu məsələyə toxundu və bildirdi ki, artıq hökumətdə də bununla bağlı fikirləşilir, müəyyən addımların atılması gözlənilir". E.Səlimov ümid etdiyini bildirib ki, bu məsələ də çox yaxın zamanlarda tam həllini tapacaq.
"Meşənin içində kənd təsərrüfatı təyinatlı sahə necə ola bilər?" Bunu da millət vəkili Tahir Süleymanov deyib.
Millət vəkili deyib ki, bu gün ən çox müzakirə olunan məsələlərdən biri torpaqların təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsidir: "Mən də hesab edirəm ki, torpaqlar mütləq istifadə edilməlidir, özü də təyinatına uyğun olaraq. Kimsə bu məsələdə özbaşınalıq edə bilməz. Amma bizim rayonda, biz tərəflərdə qəribə bir halla da rastlaşmışıq. Belə ki, meşənin içində kimsə boş sahəyə sahiblənib deyir ki, bura mənimdir. Axı, meşənin içində bu, necə ola bilər? Meşənin içində də kənd təsərrüfatı təyinatlı sahə olar? Hesab edirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsi gələcək fəaliyyətində bu məsələyə də diqqət yetirməlidir".
Kamil HƏMZƏOĞLU