|
|
|
|
Ermənistanın yeni baş naziri Nikol Paşinyan əsas rəqiblərini - Qarabağ klanının aparıcı üzvlərini sıradan çıxararaq qarşısınındakı bütün əngəlləri aradan qaldırmaqda israr olduğunu nümayiş etdirir.
Birinci mərhələdə işğalçı ölkənin ikinci prezidenti, Azərbaycana qarşı təcavüzkarlıq, terror siyasətinin həyata keçirilməsində xüsusi fəallıq nümayiş etdirən Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi, erməni generalı Yuri Xaçaturov erməni baş nazirin əsas hədəfləri sırasındadır.
Ermənistanın xüsusi istintaq xidməti bu şəxsləri 2008-ci ilin mart ayında İrəvanda baş vermiş kütləvi qırğın, terror hadisəsinin törədilməsində təqsirli bilib.
R.Koçaryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur.
Ermənistan Xüsusi İstintaq Xidmətinin iyulun 26-da yaydığı məlumatda bildirilib ki, bu maddə üzrə onu 10 ildən 15 ilədək həbs cəzası gözləyir.
İyulun 26-da şahid qismində Ermənistanın Xüsusi İstintaq Xidmətində ifadə verdikdən sonra R.Koçaryana qarşı ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün sözügedən xidmət vasitəsilə İrəvan Ümumi Yurisdiksiya Məhkəməsinə müraciət edilib.
R.Koçaryan 1 mart 2008-ci hadisələri ilə cinayət işi üzrə ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bunu "yeni hakimiyyət tərəfindən təqib" kimi qiymətləndirir: "Bu, açıq-aşkar siyasi təqib, qisasdır". Hər halda bu cümlənin özündə də özünüifşa var. Bununla R.Koçaryan hakimiyyəti dövründə qarşı tərəfin qısas almasına səbəb ola biləcək hər hansı cinayət xarakterli addımlar atdığını istisna etmir.
2008-ci il 1 mart cinayət cinayət işi üzrə həmin dövrdə İrəvan hərbi qarnizonuna rəhbərlik etmiş Y.Xaçaturov da Robert Koçaryana qarşı irəli sürülən maddəyə əsasən ittiham olunur. Xaçaturov iyulun 26-da şahid qismində ifadə vermək üçün Xüsusi İstintaq Xidmətinə baş çəkib, oradan müttəhim qismində çıxıb.
Ermənistanın Xüsusi İstintaq Xidməti onun azadlıqdan məhrum edilməsi vəsatətilə məhkəməyə müraciət edib. Daha sonra məhkəmə hər iki cinayətkar barəsində həbs qərarı çıxarıb. R.Koçaryan istintaq müddətini həbsdə keçirəcək, Y.Xaçaturov isə üzərində ittiham qalmaqla girov müqabilində azadlığa buraxılıb.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın tutulması ədalət adına edilmir: "Nikol Paşinyan gələcək parlament seçkisində onu güclü rəqib gözündə gördüyündən bu yolla zərərsizləşdirir. Koçaryana gəldikdə, bu quldurun ölümünə səbəbkar olduğu adamların sayı on deyil, onlarla da deyil, yüzlərlədir ki, onların da böyük əksəriyyəti azərbaycanlılardır. Ədalətdən ancaq o zaman danışmaq mümkündür ki, Koçaryan tökdürdüyü bu qanlara görə də məhkəmə qarşısında cavab versin".
S.Alıyev əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bildirir: "Dağlıq Qarabağ probleminin danışıqlar yoluyla həlli ən doğru yoldur. Amma oğlunu işğal altındakı Azərbaycan torpaqlarına hərbi xidmətə göndərib bunu "sülhsevərlik" kimi təqdim edən populist və ciddilikdən uzaq biriylə aparılan danışıq nə dərəcədə effektli ola bilər?"
Deputat Azər Badamov isə qeyd edib ki, Ermənistanda təmizlənmə işləri gedir. O, SİA-ya bildirib ki, həbs olunanlar Qarabağ klanını təmsil edənlərdir ki, onlar Ermənistanda İrəvan ermənilərinin hakimiyyətdə təmsil olunmasında maneçilik törədirdi: "Ümumiyyətlə, Ermənistanda demokratiya və insan haqları deyilən məfhum yox idi. 2008-ci il prezident seçkilərinə etirazını bildirən insanlara qarşı amansız divan tutulduğu zaman Azərbaycan nümayəndə heyəti beynəlxalq təşkilatlarda bununla bağlı fikirlər söyləyəndə onlar deyirdilər ki, biz maraqlı tərəf olduğuna görə düzgün danışmırıq. Amma özləri isə hesabatlarında Ermənistandakı demokratik, şəffaf seçkidən danışırdılar. İndi isə ermənilərin özləri öz cəlladlarını cəzalandıranda aydın olur ki, seçkiləri izləyən beynəlxalq təşkilatlar da yalanla dolu hesabatlar açıqlayırlar".
Deputatın sözlərinə görə, Koçaryanın, Sarkisyanın qohumlarının həbsi, Xaçaturovun həbsinə hazırlıq görülməsi və ümumiyyətlə, cərəyan edən hadisələr Ermənistanın keçmişinin qaranlıq olmasının göstəricisidir: "Bütün bu proseslər çətin olsa da, Ermənistan üçün vacib idi. Artıq İrəvanın küçələrində ölən əsgər anaların etiraz dalğası da genişlənməkdədir. Onlar övladlarının Dağlıq Qarabağa göndərilərək ölməsinə qarşı çıxırlar".
A.Badamov hesab edir ki, Ermənistanda Dağlıq Qarabağdan imtina ətrafında iş getdiyi hiss olunur: "Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılması, Dağlıq Qarabağla bağlı etiraz şüarlarının sələndirilməsi, Paşinyanın hərbi ritorika ilə danışması boş-boşuna baş vermir. Paşinyan ölkənin düşdüyü vəziyyətdən çıxarmaq üçün yol axtarır və proseslərin gedişatı onu deməyə imkan verir ki, yaxın vaxtlarda Dağlıq Qarabağla bağlı ciddi danışıqlar təklifi gələ bilər. Çünki Paşinyan birdən-birə danışıqlara getsə, Qarabağ ermənilərinin təşkilatçılığı ilə yenidən dövlət çevrilişi ola bilər".
Deputat əlavə edib ki, torpaqla bağlı məsələ çox həssas məsələdir və Ter-Petrosyanı da vaxtilə Azərbaycanla danışıqlara razılığa gəldiyinə görə hakimiyyətdən uzaqlaşdırmışdılar: "Ona görə də hazırda Ermənistanda danışıqlara getmək üçün neytrallaşdırma prosesinin getdiyini düşünürəm. Bütün bunlar onu deməyə imkan verir ki, ermənilər müharibə vəziyyətində olmaqlarından yorulublar və məhvə doğru getdiyini anlamağa başlayıblar. Hər bir halda Ermənistanın gələcəyi Azərbaycanla mehriban qonşuluq münasibətlərin yaradılmasından gedir və indiki erməni hakimiyyətinin bunu başa düşməyə başladığını düşünürəm".
Qeyd edək ki, cari ilin may ayında Robert Koçaryan və Serj Sarkisyanın Ermənistana rəhbərliyi dövründə yüksək vəzifələr tutmuş Qriqor Qriqoryan 2008-ci il 1 mart hadisələri zamanı Koçaryanın tapşırığı ilə əli yalın əhaliyə atəş açdıqlarını etiraf etmişdi. İstintaqa çağrılaraq ifadə verən Ermənistanın daxili qoşunların keçmiş komandiri, daha sonra "Çiçəklənən Ermənistan" fraksiyasından deputat olan Qriqor Qriqoryan həmin dövrdə seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləbaran edilməsi və nəticədə 10 nəfərin qətlə yetirilməsinin Koçaryanın əmri ilə icra olunduğunu deyib. Qriqoryan ifadəsində bildirib ki, həmin vaxt daxili qoşunlarda rəhbər şəxs olduğu üçün ölkə prezidentinin əmrindən çıxa bilməyib. O, dediklərinin həqiqəti əks etdirdiyini sübut etmək üçün 2008-ci il 1 mart hadisələri ərəfəsində Robert Koçaryanla telefon danışıqlarının səs yazısını istintaqa təqdim edə biləcəyini deyib.
Q.Qriqoryan onu da bildirib ki, katolikos ll Qaregin 2008-ci il martın 1-də dinc etiraz aksiyasının gülləbaran edilməsində Ermənistanın o vaxtkı hakimiyyətinə öz xeyr-duasını verib. Katolikos erməni xalqının bəlalarında heç də Sarkisyan və Koçaryandan az cavabdeh deyil. Bu işğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri də həmin Qaregindir.
Daxili qoşunların keçmiş komandirinin istintaqa verdiyi bu ifadə İravənda II Qareginə qarşı etiraz aksiyalarının güclənməsinə səbəb olub. Dindarlar onun postundan istefa verməsini istəyirlər. II Qaregin isə istefa verməyəcəyini açıqlayıb.
Məlum cinayət işi çərçivəsində o vaxtkı müdafiə naziri Mikayel Arutyunyan və Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyana qarşı da ittiham irəli sürülüb. A.Gevorkyan istintaqa çağrılıb, M.Arutunyana qarşı isə axtarış elan edilib.
Xatırladaq ki, 2008-ci il martın 1-i və 2-də polis qüvvələrinin 19 fevral prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması sayəsində Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət almışdı.
Ceyhun ABASOV