|
|
|
|
"Hesab edirəm ki, Ermənistanın sabiq prezidenti Robert Koçaryan nəinki Ermənistan məhkəməsində, həm də Beynəlxalq Hərbi Tribunalda ötən əsrin 90-cı illərində Azərbaycan xalqı qarşısında etdiklərinə görə cavab verməlidir. İstər Koçaryan, istər Yuri Xaçaturov, istərsə də, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahındakı indiki və sabiq generalların bir çoxunun əli Azərbaycan xalqının qanına batıb. Bu baxımdan hesab edirəm və ümidvaram ki, Koçaryan başda olmaqla, əli xalqımızın qanına bulaşmış bütün hərbi canilər, cinayətkarlar təkcə Ermənistan məhkəməsi qarşısında deyil, o cümlədən, Beynəlxalq Hərbi Tribunal qarşısında öz cinayətkar əməllərinə görə cavab verəcəklər".
Bunu qəzetimizə açıqlamasında millət vəkili Asim Mollazadə son günlər Rusiya-Ermənistan münasibətlərində yaranan gərginliyə, Rusiyanın Ermənistandakı son həbslərlə bağlı xarici işlər naziri səviyyəsində açıq təhdidinə münasibətini açıqlayarkən bildirib. "Onlar həm öz xalqlarına, həm də azərbaycanlılara qarşı etdikləri qanlı əməllərinin layiqli cəzasını çəkməlidirlər" - deyən, millət vəkilinin sözlərinə görə, bu gün Rusiya-Ermənistan münasibətlərində hissi olunan gərginliyin, Lavrovun məlum bəyanatının kökündə də məhz Nikol Paşinyan hökumətinin Rusiyaya yaxın olan sabiq Ermənistan rəhbərliyini, cinayətkarları həbs etməsi, onlara qarşı sərt addımlar atmasıdır. "Paşinyanın bu addımları təbii ki, Rusiyanı çox qıcıqlandırır. Koçaryanların, xaçaturovların həbsi Rusiyaya heç cür sərf etmir.
Eyni zamanda, məhz həmin adamlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh, danışıqlar yolu ilə həlli prosesinə illərlə zərbə vurub, bu prosesi əngəlləyiblər. Paşinyanın xilası isə onun bu adamları zərərsizləşdirməklə yanaşı, səmimi və konsrtuktiv şəkildə Azərbaycanla sülh danışıqlarına getməsi və real addımlar atmasından keçir. Əgər Paşinyan bu istiqamətdə də real addımlar atarsa, konstruktiv qərarlar qəbul edərsə, bu, onun xilas, qurtuluş yolu ola bilər..." - deyə, A. Mollazadə sözlərinə əlavə edib.
Millət vəkili Tahir Rzayev öncə bildirib ki, Koçaryandan sonra növbə Seyran Ohanyan və Serj Sarkisyanındır: "Çünki məhz bu cani "üçlük" Azərbaycan torpaqlarının işğalının, Xocalı, Qaradağlı, Meşəli, Cəmilli, Ağdaban və digər faciələrimizin, soyqırımı aktlarının birbaşa təşkilatçıları və icraçılarıdır. Onların murdar əlləri bizim xalqın qanına bulaşıb. Artıq bu qanlı əlləri onların öz üzlərinə çəkmək, etdiklərinə görə cəzalandırmaq zamanıdır. Onlar bundan qurtula bilməyəcək, bu gün Koçaryan, sabah isə növbə Sarkisyanda, Ohanyanda və digər əliqanlı qatillərdədir. Onlar həm öz xalqları, həm də Azərbaycan xalqı qarşısında etdiklərinin cəzasını almalıdırlar və alacaqlar. Rusiyanın qıcıqlanmasına, sərt təpkisinə gəlincə, Paşinyan əgər özünü əsl dövlət başçısı sayırsa və ölkəsini müstəqil görmək istəyirsə, heç nədən çəkinməməlidir. Başladığı addımları davam etdirməlidir, Qarabağ məsələsində konstruktiv mövqe tutmalıdır. Yoxsa..."
Kamil HƏMZƏOĞLU