|
|
|
|
Dövlət Miqrasiya Xidmətinin yeni mobil tətbiqi (MİGAZ) geniş ictimaiyyətə təqdim olunub.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov mobil tətbiqin istifadəsini nümayiş etdirib və üstünlüklərini diqqətə çatdırıb.
Qeyd edilib ki, olduğu yer üzrə qeydiyyat, müvəqqəti və daimi yaşamaq üçün icazələrin alınması, məhdudiyyətin və müraciət statusunun yoxlanması, son qeydiyyat tarixinin öyrənilməsi üçün kalkulyator, onlayn ödəmə, onlayn növbə, ASAN viza və xidmətin digər istiqamətlər üzrə servis xidmətlərinin mobil tətbiq üzərindən çıxış əldə etmək imkanları yaradılıb. Bundan sonra Mobil tətbiq vasitəsilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlayn şəkildə daha asan şəkildə elektron xidmətlərdən istifadə edə biləcəklər.
Azərbaycan, ingilis və rus dillərində hazırlanmış mobil tətbiq üzərindən birbaşa əlaqə vasitəsi ilə zəng və sorğuların cavablandırılması da həyata keçirilə bilər. Yaxın gələcəkdə dil seçimi menyusu zənginləşdiriləcək. Yüksək səviyyəli interaktivliyi ilə seçilən mobil tətbiq vasitəsilə istifadəçilərə istər qeydiyyat, istərsə də digər elektron xidmətlərlə bağlı mütəmadi yeniliklər, bildirişlər göndəriləcək. Mobil tətbiqdə istifadəçilər üçün Azərbaycanın tarixi, ölkəmizdə fəaliyyət göstərən turistik məkanlar, istirahət mərkəzləri və digər görməli yerlər, milli musiqimiz, mətbəximiz barədə geniş məlumat bazası təqdim olunur. Mobil tətbiqi hazırda “Playmarket”dən yükləmək mümkündür. Qısa zaman sonra tətbiqi “Appstore”dan yükləmək mümkün olacaq.
Gələcəkdə mobil tətbiqin imkanlarının genişləndirilməsi və daha artıq xidmətləri əhatə etməsi nəzərdə tutulur.
Tədbirdə, həmçinin, Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçiriləcək 1 aylıq təbliğat-təşviqat kompaniyasının da təqdimatı olub.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Nəqliyyat Agentliyi, “Park Cinema” və “Cinema Plus” kinoteatrlar şəbəkəsi, “189 Taksi”, “Park Bulvar”, “Dəfnə”-”Dalida” restoranlar şəbəkəsi ilə birgə təşkil olunan məlumatlandırma aylığı dekabrın 15-dən yanvarın 15-dək davam edəcək.
C.ABASOV