|
|
|
|
Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi və akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Elmi Şurasının birgə iclası keçirilib.
Gündəlikdə yer alan əsas məsələ tanınmış coğrafiyaçı alim, AMEA-nın müxbir üzvü Şahvələd Xəlilovun anadan olmasının 80 illiyinə həsr edilən elmi sessiya olub.
Tədbiri giriş sözü ilə açan Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin görkəmli alim Şahvələd Xəlilovun həyat və elmi fəaliyyətindən danışan akademik Fəxrəddin Qədirov onun ölkəmizdə göllərin və su anbarlarının tədqiqində əvəzsiz xidmətləri olduğunu vurğulayıb.
Qeyd edib ki, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmiş Ş.Xəlilov Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda laboratoriya müdiri, Ekocoğrafiya şöbəsinin rəhbəri, elmi işlər üzrə direktor müavini və digər vəzifələrdə çalışıb. Ş.Xəlilov 1978-1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının partiya komitəsinin katibi olub, Bakı Şəhər Sovetinin deputatı seçilib. Azərbaycan müstəqillik əldə etdikdən sonra alimin Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının əsas təşkilatçılarından biri olduğunu, rayon təşkilatı sədrinin birinci müavini seçildiyini, eləcə də Prezident yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü kimi fəaliyyət göstərdiyini bildirib.
Görkəmli alimin tədqiqatlarından, əldə etdiyi elmi nəticələrdən hər zaman geniş istifadə olunduğunu deyən F.Qədirov onun xatirəsinin daim yaddaşlarda yaşayacağını bildirib.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov isə bildirib ki, görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətləri Azərbaycanın su anbarları və göllərinin hidroloji xüsusiyyətləri, su anbarlarının lillənməsi və sahillərinin dinamikası, su təsərrüfatı tədbirlərinin tədqiqidir. Digər çxış edənlər də Ş.Xəlilovun həyat və elmi fəaliyyətindən danışaraq görkəmli alimin ölkədə göllərin və su anbarlarının tədqiqindəki xidmətlərinin əvəzsiz olduğunu bildiriblər.
S.QARAYEVA