|
|
|
|
"ABŞ Nümayəndələr palatasının qondarma "erməni soyqırımı" haqqında qəbul etdiyi qətnaməni pisləyir, qərəzli, ədalətsiz hesab edirik və qınayırıq. Bu qərarın heç bir hüquqi və tarixi əsası yoxdur".
Bunu "525"ə açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib. Qeyd edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının bu qətnaməsi açıq siyasi xarakter daşıyır və qardaş Türkiyəyə siyasi təzyiq məqsədilə qəbul edilib.
Onun sözlərinə görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun bəyan etdiyi kimi, Türkiyə "Barış pınarı" Hərəkatı ilə ABŞ-ın böyük oyununu, bölgədə həyata keçirmək istədiyi layihəni pozdu: " Çünki ABŞ-ın bu böyük oyunu Türkiyənin milli maraqlarına, sərhəd təhlükəziliyinə ciddi problemlər yaradırdı və terror təşkilatları ilə mübarizəsini çətinləşdirirdi. ABŞ Nümayəndələr Palatası qondarma erməni soyqırımı ilə bağlı qərar da daxil olmaqla, aldığı 2 qərarla Türkiyədən intiqam almaq və ona təzyiqlər edərək qardaş ölkəni cəzalandırmaq, geri çəkilməyə məcbur etmək istəyir. Türkiyə dövləti isə artıq rəsmi bəyan edib ki, bu cür qərarlarla Türkiyəni milli maraqlara xidmət edən mövqedən geri çəkilməyə məcbur edə bilməyəcəklər, Türkiyə dövləti və xalqı bu qətnaməni qəbul etmir, heç bir zaman da qəbul etməyəcək. Nümayəndələr Palatası bu qərarı ilə ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi roluna da bir daha ciddi kölgə düşürdü. Onsuz da cəmiyyətimizdə ABŞ-ın bu məsələdə neytral, obyektiv rol oynamasına və ya oynayacağına dair inam həddindən artıq zəif idi. Bu qərardan sonra isə insanların inamı tamamilə itdi. Çünki müasir dünyanın gözləri qarşısında işğalçı Ermənistanın Xocalıda törətdiyi soyqırım barədə danışmayan Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qərarı bir daha ikili standartlardan xəbər verdi və Türk millətinin övladları bu ədalətsiz qərarları heç zaman qəbul etməyəcək. Qardaş Türkiyənin yanındayıq və gənclərimiz media, sosial şəbəkələrdə, diaspor təşkilatlarımız yaşadıqları və fəaliyyət göstərdikləri ölkələrdə bu cür qərarların nə qədər ədalətsiz olması, heç bir tarixi fakta əsaslanmaması barədə geniş təbliğat işləri aparmalıdırlar. Biz hamımız harada doğulub harada yaşamamızdan asılı olmayaraq türk millətinin övladları olaraq bu ədalətsiz qərarları qınamaqla yanaşı, qondarma erməni soyqırımı yalanları ilə mübarizəmizi də daha da gücləndirməliyik".
Millət vəkili, politoloq Sahib Alıyev öz növbəsində qeyd edib ki, ABŞ Konqresinin aşağı palatasının - Nümayəndələr palatasının uydurma "erməni soyqırımı" haqqında qəbul etdiyi qətnamə demək olar ki, 1984-cü ildəkinin təkrarıdır: "O zaman ABŞ Senatı və Prezidenti təsdiqləmədiyi üçün qətnamə qanun şəkli almadı, yəni heç bir təsiri olmayan sənədlər içində itib-batdı". Millət vəkili bildirib ki, amma onda Türkiyə-ABŞ və Türkiyə-İsrail əlaqələri indiki kimi gərgin deyildi. "Yəni indi bu qətnamənin qanuna çevirilməsi təhlükəsi var. Yəhudi lobbisinin Türkiyəyə yanaşmasını nəzərə alsaq, hər halda onun Senatdan keçməsi mümkün görünür. Bütün hallarda ABŞ Konqresinin aşağı palatasının atdığı bu addım "Azadlığa dəstək" aktına edilən "907-ci düzəliş" kimi qərəzli və ədalətsizdir. Eyni zamanda da, Birləşmiş Ştatların Minsk qrupunun həmsədri olaraq obyektivliyini şübhə altına qoyur..." - deyə millət vəkili sonra qeyd edib.
Millət vəkili Aydın Hüseynov da bildirib ki, qondarma "erməni soyqırımı" haqqında 296 saylı qətnamə qərəzli olmaqla, dünyada ikili standarların hökm sürdüyünü bir daha təsdiqləyir. Millət vəkilinin dediyinə görə, çünki Ermənistanın regionda insanlığa qarşı amansız hərəkətlərinə susan bu qüvvələr tarixi saxtalaşdırmaqla heç bir siyasi və hüquqi əsası olmadan belə bir qərar qəbul edir. "O dövrün tarixini bir daha araşdırmaq üçün Türkiyənin birgə komissiya yaratmaq təklifini qəbul etməməklə saxtakarlıq nümayiş etdirmək və həqiqəti danmaq Ermənistan rəhbərliyinin çirkin niyyətinin göstəricisidir. Əfsuslar olsun ki, dünyada insanlığa və humanizmə qarşı çıxan qüvvələri hələ də dəstəkləyənlər var. Biz tarixi həqiqətləri saxtalaşdıran istənilən qərarı qəti surətdə pisləyirik", - deyə millət vəkili vurğulayıb.
Kamil HƏMZƏOĞLU