|
|
|
|
“Ən inkişaf etmiş dövlətlər belə pandemiya qarşısında aciz qalıblar. Bu gün Azərbaycan isə koronavirusun ən az yayıldığı ölkələrdən biridir”.
Bu sözləri Milli Məclisin deputatı Tamam Cəfərova 525-ə açıqlamasında deyib.
Millət vəkili vurğulayıb ki, Azərbaycanda 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib ki, onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər isə vəfat edib. Millət vəkili vurğuladı ki, əgər koronavirusla mübarizə vaxtında başlamasaydı və hərtərəfli tədbirlər görülməsəydi, bu rəqəmlər daha çox ola bilərdi. Dövlətimiz ilk gündən koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə hərtərəfli, önləyici tədbirlər gördü və görməkdə davam edir: “Bu istiqamətdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli tədbirlər görülür. Bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargah yarandığı gündən görülən işlər hamımıza məlumdur, onları sadalamaq istəmirəm. Sadəcə onu qeyd etmək istəyirəm ki, dövlət vətəndaşlarının sağlamlığının qorunması, onun sosial və iqtisadi fəsadlarının minimuma endirilməsi üçün əlindən gələni edir. Təsadüfi deyil ki, ÜST bu fəaliyyətə görə ölkəmizə təşəkkür etdi və Azərbaycanın bu sahədə təcrübəsini dünya dövlətlərinə nümunə olaraq göstərdi.
Bu il martın 19-da Prezident İlham Əliyev tərəfindən “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncam əslində qlobal pandemiyaya qarşı mübarizənin bütün hüquqi və normativ çərçivəsini formalaşdırmış oldu. Sözügedən sərəncamda nəzərdə tutulmuş tapşırıqların icrası çərçivəsində 4 əsas istiqamət üzrə İşçi qruplar formalaşdırıldı və pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sektorlarının, sahibkarlıq subyektlərinin və sadə vətəndaşların mənfi təsirlərdən qorunması üzrə müvafiq mexanizmlərin formalaşdırılmasına başlanıldı. Aprelin 4-də isə Nazirlər Kabineti müvafiq Sərəncamla bağlı Tədbirlər Planını təsdiq etdi. Qısa zaman ərzində müvafiq istiqamətlər üzrə işlər görüldü, aidiyyəti sahələr üzrə hesablama və araşdırılmalar aparılmaqla dəstək proqramının icrasına başlanıldı”.
Millət vəkili pandemiya dövründə bir neçə qurumun iş yükünün dəfələrlə artdığını vurğulayaraq onların əməyini yüksək qiymətləndirib: “Bu qurumlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirik və onun bütün yerli qurumları qeyri iş günlərində və xüsusi karantin dövründə gücləndirilmiş iş regimində çalışırlar. Bu dövlət qurumu indiki dönəmdə əlavə olaraq 65 yaşdan yuxarı olan şəxslərə sosial xidmətlər göstərir, könüllülərin fəaliyyətini koordinasiya edir, vətəndaşların çoxsaylı müraciətinə baxır. Nazirlik bütün müraciətləri növbəlik və şəffaflıq prinsipi ilə cavablandırır. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılan İşçi Qrup isə qısa zaman kəsiyində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrində çalışan muzdlu işçilərin sosial müdafiəsi və onlara dövlət dəstəyinin göstərilməsi, yaxın və orta müddətdə məşğulluq tədbirlərinin gücləndirilməsi məqsədi ilə müvafiq təkliflərlə çıxış etdi. Bildiyiniz kimi, həmin təkliflər əsasında artıq müvafiq tədbirlər görülməkdədir. Azərbaycan hökuməti məhz bu məqamda qeyri-leqal məşğulluq sahəsində çalışan şəxsləri pandemiya dövründə qazancını itirmiş şəxslər kimi qeydiyyata alıb, aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi haqqında qərar qəbul etdi. Nazirlik tərəfindən məlumatların yoxlanılması və ödənişlərin edilməsi ilə bağlı ciddi və sürətli mexanizmlər qurulub”.
T.Cəfərova sosial şəbəkələrdə nazirliyə qarşı aparılan qarayaxma kampaniyasına da toxundu. O qeyd etdi ki, əsassız və həqiqətə uyğun olmayan ittihamların sosial şəbəkələrdə yer alması təəssüf hissi doğurur: “Az öncə qeyd etdiyim kimi, gərgin rejimdə çalışan dövlət qurumlarından biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri və tabeliyindəki sosial xidmət müəssisələridir. Bu cür əsassız məlumatların yayılması xüsusi karantin rejiminin tətbiq edildiyi bir dönəmdə yüz minlərlə əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə dövlətimizin vətəndaşyönümlü qərarının icrası ilə yüksək səviyyədə məşğul olan həmin qurumun əməkdaşlarına haqsızlıqdır. Həmin əməkdaşlar artıq bir aya yaxındır ki, gərgin rejimdə çalışır, yaşlılara diqqət və qayğı göstərirlər. Bir neçə gün öncə Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə 2 min nəfər əməkdaşın gərgin əməyini yüksək qiymətləndirərək aylıq vəzifə maaşının bir misli miqdarında əlavə müəyyən etdi. Bu Prezidentin sosial müdafiə işçilərinin əməyinə verdiyi ən böyük qiymətlərdən biridir. Dövlət başçısı hər bir Azərbaycan vətəndaşının əməyinə fərdi yanaşır. Dövlət, dövlətçilik və Azərbaycan vətəndaşları üçün göstərilən bütün fədakarlıqları hər zaman yüksək qiymətləndirir. Vətəndaşlarımız da dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməlidirlər. Vətəndaşlarımızı maksimum məsuliyyətli olmağa, şaiyələrə uymamağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək olmağa dəvət edirəm. Biz birlikdə güclüyük!”.
Sevinc QARAYEVA