|
|
|
|
Xorvatiyada böyük oxucu kütləsinə malik “7dnevno” qəzetində, “7dnevno.hr”, habelə “geopolitika.news” internet portallarında Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanovun geniş məqaləsi dərc olunub.
“Azərbaycan və Xorvatiya həmişə dost və tərəfdaş qalacaqlar” sərlövhəli məqalədə bildirilir ki, bu il iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü tamam olur. Tarixi nöqteyi-nəzərdən bu qısa zaman kəsiyi iki xalq arasında dostluq əlaqələrinin inkişaf etməsində mühüm rol oynayıb.
Vurğulanıb ki, 2020-ci il beynəlxalq münasibətlər və tarix kitablarında da xüsusilə qeyd ediləcək, çünki COVID-19 pandemiyası yeni informasiya və telekommunikasiya texnologiyaları baxımdan diplomatik praktikaya böyük təsir göstərib, “Twitter”, “Facebook”, elektron poçt və digər virtual vasitələrlə diplomatik ünsiyyət çevikliyini itirməyərək video və telekonfranslara üstünlük verib.
Müəllif Xorvatiya hökumətinin pandemiya ilə mübarizədə zəruri və effektiv səyləri nəticəsində iqtisadiyyata təsirlərini xüsusilə qeyd edib. Vaxtında verilən qərarlar virusun yayılmasının qarşısını almış və ən əsası insanların həyatını xilas etməyə imkan verib. Məqalədə digər Avropa ölkələri ilə müqayisədə ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi tədbirlərin məhdudiyyətlər fonunda mənfi təsirlərin azaldılmasına kömək etdiyi və iş yerlərinin qorunması təqdirəlayiq hesab olunub.
Xatırladılıb ki, Xorvatiyanın koronavirusla mübarizə apardığı bir vaxtda bu il martın 22-də Zaqrebdə son 140 il ərzində ən güclü zəlzələ baş verib və bir çox dağıntılara səbəb olub. Zəlzələ nəticəsində şəhərdə mürəkkəb vəziyyət yaranıb. Belə ki, epidemioloji vəziyyət təcrid olunmağı və evdə qalmağı tələb etsə də, təkanlar insanları evlərini tərk etməyə məcbur edib. Buna baxmayaraq dəymiş ziyanın aradan qaldırılması üçün əhali və aidiyyəti qurumlar lazımi soyuqqanlılıq göstərib və həmrəylik nümayiş etdiriblər.