|
|
|
|
Raqub KƏRİMOV
Filologiya elmləri doktoru, professor
(Əvvəli ötən sayımızda)
Kitabda Natəvan irsini tədqiq edən sənətkarlar haqqında da məlumat verilib. Mustafa müəllimin onları şükranlıqla xatırlaması və kitaba daxil etməsi onun alicənab, qədirbilən bir şəxs olduğunu bildirir. Onun Natəvan irsinin fundamental tədqiqatçıları Bəylər Məmmədov və Nəsrəddin Qarayevin əksini kitaba daxil etməsi və barələrində xoş sözlər söyləməsi də təqdirəlayiqdir. O, bununla demək istəyir ki, oxucu, Natəvan irsini yüz zəhmətlə tədqiq edib sənə çatdıran bax bu kişi-lərdir, onları tanıyın və ruhlarına rəhmət oxuyub yad edin. Bunu insanpərvər, humanist yazıçı Mustafa Çəmənlinin ziyalılara olan ehtiram və rəğbətinin təcəssümü kimi də qiymətlən-dirmək olar.
Bunlarla yanaşı, kitabda Natəvanın adları çox az oxucuya məlum olan 16 müasirinin şəkli də verilib. "Məclisi-uns"ün üzvü olan bu şairlərin hər birinin XIX əsr Qarabağ ədəbi mühitinin formalaşmasında müəyyən rolu olub.
Mustafa Çəmənli bu deyilənləri əsərə daxil etməklə onu daha maraqlı və oxunaqlı edib. O, oxucunun Natəvan haqqında bilgilərini zənginləşdirərək geniş auditoriyaya çox az, bəlkə də heç məlum olmayan vacib məlumatları çatdırmaq istəyib. Təkcə bu deyil, ümumiyyətlə kitabda verilən əksər məlumatlar zərgər dəqiqliyi ilə seçilib, Natəvana sevgi və məhəbbətlə qeyd edilib. Tədqiqatçı kitabda yer alan "Natəvanın dəfn olunduğu tarixi İmarət məzarlığı" adlı məqaləsində öz yaradıcılıq üslubu haqqında məlumat verərək yazır: "Dünyasını çox illər öncə dəyişmiş hər hansı sənətkarın kitabını tərtib edərkən daxilən səfərbər oluram ki, bəlkə, barəsində yeni bir fakt, tarixi bir şəkil, yadigar bir əşya əldə etdim. Məhz bu niyyətlə kitabxanalara, arxiv və muzeylərə müraciət etdim ki, bəlkə, Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə tərtib edəcəyim kitabda vermək üçün yeni bir fakt tapdım".
Sitatdan göründüyü kimi, müəllif gördüyü işə məsuliyyətlə yanaşıb, tapdığı yeni materiallar, əldə etdiyi nadir eksponatlar və digər sənədlərə əsaslanaraq dəyərli bir əsər ərsəyə gətirib. Bütün deyilənləri nəzərdən keçirdikdə belə qənatə gəlmək olar ki, Natəvanın həyat və yaradıcılığını, bədii irsini öyrənmək üçün cild-cild kitablar oxumağa ehtiyac yoxdur. Kifayət edər ki, yazıçı-publisist Mustafa Çəmənlinin sayğı və sevgi ilə tərtib etdiyi "Neçin gəlməz"i oxuyasan.
Bütün bunlara əsasən, biz yazıçı kimi sevdiyimiz Mustafa Çəmənlidə həm də yüksək səviyyəli tədqiqatçı səriştəsi olduğunu kəşf etdik. Bu yolda əziz dostuma şükranlıqla bol-bol uğurlar arzulayıram və deyirəm: Təqdim etdiyin bu əsərə görə çox sağ ol, Mustafa müəllim, bu əsər natəvanşünaslığa ən gözəl hədiyyədir.
Burada Natəvanın "Gül dəftəri"ndə aşkar etdiyimiz qeyri-mətbu şeirlərini oxuculara ilk dəfə təqdim edirik.
Genə məxmur çeşmin hər yana baxdıqca qan eylər,
Tutubdur fitnə dünyanı, xəlayiq əlaman eylər.
Könül, bil kim, o çeşmi məst olub heç bir xəta etməz,
Yəqinimdir, əgər qan etmiş olsa, qana-qan eylər.
Əgər qaşü gözün xəşmilə ima eyləsə bir dəm,
Bu könüldə fitnələr peyda olur, hər dəm fəğan eylər.
Nihani baxmağından iztirabi-könlüm əfzundur.
Nə cadudur ki, hər dəm kəşfi-əsrari-nihan eylər.
Uçub mürği-dilim qonmuş səri-zülfi-pərişanə,
Bəla sərmənzilində gör nə qafil aşiyan eylər.
Yüzin dövründə zülfün küfrə bənzər, dutmuş imanı,
Hərami hüsnünü kim böylə gəncə pasiban eylər?
Səba zülfün nəsimin gər aparsa vadiyi-Çinə,
Xütən səhrasın mişkin edib, ənbərfişan eylər.
Rəqibi görməsin bir nişat, yarəb, cami-işrətdən
Ki, bəndən bisəbəb ol şuxi-məsti sərgiran eylər.
Əgər qəhr aləminə gəlmiş olsa ol məhi-taban,
Nə etsə canə minnət, çünki yari-mehriban eylər.
Derlər dərdi-eşqin adəm öldürməz, dürüstür bu
Vəlikən ömrlər bən kimi zarü Natəvan eylər.
lll
Kənizi-Fatimənin sinəzəni
Çək qətari-əhli-beyti sən
dəşti-Kərbəladan, ey bəşər,
Eylərəm Hüseyni baxəbər
mən bu macəradan, ey bəşər.
Çarparə
Ləşgəri-dəğadan, ey bəşər,
Tutduğum əzadan, ey bəşər.
Geydigim qəradan, ey bəşər.
Çəkdigim cəfadan, ey bəşər.
Mən gələndə çun Mədinəyə
var idi yanımda ləşgərim,
Etdilər səvar məhmələ
Qasim Əliəkbərim,
Ondan aldılar libası,
qalmadı başımda məcərim,
Var şikayət Hüseynimə
Şümri-bihəyadan, ey bəşər.
Çarparə
Mən xorusi-zarəm, ey bəşər,
Mən qəmə düçarəm, ey bəşər.
Yox yurdum, gedim Mədinəyə,
Çünki şərmsarəm, ey bəşər.
Çək qətarı qətlghdan,
mən görüm Hüseyn qardaşımı,
Olmadı gələndə fürsətim
nəşi üstə açım başımı,
Tazədən əza bina edim,
çari eyləyim göz yaşımı,
Va Hüseyn səsi bülənd ola
dəşti-Kərbəladan, ey bəşər.
Çarparə
Buldu dadxahım, ey bəşər,
Yandı ximeyi-kahım, ey bəşər.
Başı üçün niqabsız yürüdüm,
Şamə düşdü rahım, ey bəsər.
Leyk nəzari-qətlgahdan
bağrım oldu qüssədən kəbab,
Şamda keçən söhbəti mən
Hüseynə eyləyim xitab.
Mən həmankı Zeynəbəm,
Hüseyn, düşmədi üzümə aftab,
Tar olub səmaya çıxmadı
kürsi-hənadan, ey bəşər.
Çarparə
Düxtəri-zarəm, ey bəşər,
Bəni-həyatəm, ey bəşər,
Getdi çun əziz günlərim
İndi natəvanam, ey bəşər.
Aldılar tam rəxtimi,
bir libasi-köhnə verdilər,
Getdi zərnişan Məhəmmədim,
naqeyi-bərəhnə verdilər.
Şamda o qövmi-Kufiyan
bizəban tənə verdilər
Artdı möhnətim, ziyad olub
həm qəmi-bəladan, ey bəşər.
Çarparə
Çəkmişəm zəbanə, ey bəşər,
Gəlmişəm fəqanə, ey bəşər.
Kufədən Dəməşqə naqədə
Olmuşam rəvanə, ey bəşər.
Qoymadı ədu əza tutam
şahi-bivətən Hüseynimə,
Qaldı qanlar üstə bipeykər,
olmadı kəfən Hüseynimə.
Fatimə kənizi, ağlamaq
ta ölüncə sən Hüseynimə
Al qiyamətin günü əvəz
şahi-lafətadan, ey bəşər.
Çarparə
Gör necə mövladır, ey bəşər,
Xəlqə rəhnümadır, ey bəşər.
Ağlıyanların ruzi-cəza günü
Dərdinə dəvadır, ey bəşər.
lll
Natəvanın növhəsi
Yüksək məqamlının kəlamı: Zeynəb əleyhissəlamın hüzurunda cənab Səkinənin dilindən deyilən növhə.
(İxtisarla)
Meydan gözümə tirəvü tar oldu, ey əmmə,
Yoxsa ki, babam Şümrə düçar oldu, ey əmma.
Kim gördü rəva bizlərə geymək bu qəranı?
Bağlana yəqin qol-qola küllən üsəranı.
Bilməm ki, nolur Al-əbanın güzəranı,
Çun mənzilimiz özgə diyar oldu, ey əmmə.
Düşmən bizə çox eyləgəcək tənü şəmatət,
Bunlarda qonağa, yoxmuş rəsmi-məhəbbət,
Dünyada görüb qansı bəşər boylə müsibət?
Kim, Al-peyəmbər yenə xar oldu, ey əmmə.
Biz Əkbərə toy etmədən öldü, buna söz yox,
Gülzar bin zülmilə soldu, buna söz yox.
Düşmən ki, nə istərdi o oldu, buna söz yox,
Bu seydi-hərəm Şümrə şikar oldu, ey əmmə.
Bu Kərbibəlayə gələli biz çəkərdik ah,
Qismət bizə heç olmadı bu dəştdə dilxah,
Bu sirri gəl, ey əmmə, bəyan eylə sən Allah,
Könlüm yenə bu çöldə fikar oldu, ey əmmə.
Meydanda çalındı gördüm təbli-bəşarət,
Dünyanı tutub qəlqələ çun ruzi-qiyamət,
Zühr oldu, yəqindir yetişib vəqti-şəhadət,
Çöllərdə babam qanı nisar oldu, ey əmmə.
Bundan sora hər şamü səhər ağlaram, əmmə.
Tərk eyləyib xoş rəngi, qara bağlaram, əmmə.
Lalə kimi daim cigərim dağlaram, əmmə.
Bu çöldə desinlər nə bəhar oldu, ey əmmə.
Ağlar Natəvani-zar, deyər başıma küllər
Kim, Zeynəbi Zəhra olu giryan belə günlər.
Qoyma onu üftadə qala ərseyi-məhşər
Çünki bu mərsiddə* o zar oldu, ey əmmə.
* Mərsid - müşahidə yeri, nəzarət məntəqəsi.