|
|
|
|
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Həmin tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının əlaqələndirilən fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanmasına dair işçi qrupu yaradılıb. Öncədən konsepsiya işlənib və hökumətə təqdim edilib. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir. Problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturuq. Özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının əlaqələndirilmiş fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanmasına dair işçi qrupu yaradılıb: "Öncədən konsepsiyanı işləyib hökumətə təqdim etmişdik. Konsepsiya bəyənilmişdi və onun icrası ilə bağlı işçi qrupunun yaradılması barədə tapşırıq verilmişdi. Biz bu barədə müzakirələr aparmışıq, bir neçə iclas olub. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır".
Mətin Eynullayev belə evlərin sayının yüz minlərlə olduğunu bildirib. O, mühafizə zolaqları ilə bağlı bütün məlumatların toplanıldığını vurğulayıb: "Bu, növbəti addımda qeydiyyatsız yaşayış sahələrinin də amnistiyasında bizə böyük bir üstünlük qazandıracaq. Bəzi hallar var ki, əvvəllər bir boru xəttinin keçdiyi ərazi mühafizə zonası olub, sonradan həmin boru xətti istismardan çıxarılıb. Belə olduqda məlumatlara düzəlişlər edirik".
Onun sözlərinə görə, problemin iki həll yolu var: "Birincisi, biz mühafizə zonasından keçən xətti başqa istiqamətə çəkməliyik. Bu da o halda mümkündür ki, başqa istiqamət mövcud olsun. Çünki sənədsiz evin tikildiyi ərazidəki xətti çəkməklə başqa ərazidə tikililər varsa, onları da eyni vəziyyətə gətirmiş oluruq. İkinci yol odur ki, o tikintilərin qalıb-qalmaması ilə bağlı müvafiq qərar qəbul olunsun".
Milli Məclisin Komitə sədri Tahir Rzayev deyir ki, ilk növbədə problemsiz ərazilərdə inşa olunmuş evlərin qeydiyyata alınması, sənədləşdirilməsi nəzərdə tutulur. "Elə tikililər var ki, onların heç bir sənədi yoxdur. Onlarla bağlı qərar vermək çox çətindir. Təhlükəli zolaqlarda inşa edilmiş tikililər var. Onlarla bağlı müəyyən tədbirlərin görülməsi çox vacibdir" .
Millət vəkilinin fikrincə, sənədsiz evlərin hamısının sənədləşdirilməsi mümkün deyil: "Azərbaycanda yüz minlərlə qanunsuz tikililər, dövlət qeydiyyatına alınmayan evlər var. İnsanlar orada 20-30 ildir ki, yaşayırlar. Qanunsuz tikililərin aparılması qadağan olunsa da, bu cür evlər inşa edilib. İnsanlar illərdir ki, mühafizə zolağında, yüksək gərginlikli elektrik xətlərinin altında, neft borularının üzərində, dəmir yolu xətlərinin kənarında, məqbul olmayan, təhlükəsizliyi təmin olunmayan ərazilərdə ev tikiblər. Ona görə də, bu gün belə evlərə hüquqi sənəd vermək mümkün deyil".
Tahir Rzayevin sözlərinə əsasən, bununla belə, dövlət bu barədə fikirləşir, dövlət başçısı bu istiqamətdə müəyyən tapşırıqlarını verib. Millət vəkili bildirib ki, sürüşmə zonasında və vulkanların ətrafında tikilən evlərə də sənəd verilə bilməz: "Çünki sürüşmə əraziləri təhlükəli zonalar hesab edilir. Vulkanların ətrafı da təhlükəli zonadır. Orada yaşamaq insanların həyatı üçün təhlükəlidir. İnsanlar müvəqqəti həyatlarını düşünməməlidirlər".
Tahir Rzayev qanunla neftli ərazilərdə, kənd təsərrüfatı təyinatlı torpaqlarda evlərin inşasının da qanunsuz olduğunu bildirib: "İllər öncə bələdiyyələr neft şirkətləri ilə danışıb bəzi saziş ərazilərindən bələdiyyənin istifadə etməsi üçün razılıq almışdılar ki, orada müəyyən işlər görülə bilər. Sonra o torpaqlar bələdiyyələr tərəfindən qanunsuz satıldı və evlər inşa olundu. Bununla belə, o torpaq dövlətindir, dövlətin də səlahiyyəti var ki, orada vətəndaşın yaşaması mümkündürsə, o torpağı alıb vətəndaşa versin. Amma mümkün olmayan ərazilərdə bunu etmək çətindir. Qanunla insanların rifahı üçün nə mümkündürsə, onu edəcəklər. Bu günə qədər 57 minə qədər evə sənəd verilib. 10 minlərlə qanunsuz tikilinin isə sənədi hazırlanır".
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda Bakı, Abşeron və ümumən ölkə üzrə 100 minlərlə çıxarış ala bilməyən fərdi həyət evləri, torpaq sahələri və müxtəlif növ daşınmaz əmlaklar mövcuddur. Bu sahədəki problemlərin aradan qaldırılması üçün ölkə başçısı dəfələrlə fərman, sərəncam və aidiyyəti qurumlara müxtəlif tapşırıqlar versə də, görünən mənzərə odur ki, hələ də bu sahədəki problemlər öz köklü həllini tapa bilmir. Aidiyyəti qurumlar daima vətəndaşları qanunsuz tikinti işləri aparmaları ilə bağlı günahlandırsalar da, lakin əmlaklarına çıxarış ala bilməyən vətəndaşların böyük əksəriyyətində torpaq sahələrinin ayrılması və tikinti işlərinin aparılması ilə bağlı rəsmi qurumlar tərəfindən verilmiş sənədləri var. Rayon icra hakimiyyətinin sərəncamı, bələdiyyə sərəncamı, kolxoz və sovxozlar tərəfindən ayrılmış torpaqlar, bağlar idarəsi və sair: "Ölkə olaraq artıq öz ərazi bütövlüyümüzü bərpa etmişik. Azad olunan ərazilərimizdə tam sürətlə tikinti-bərpa işləri gedir. Ölkə başçımız daima öz çıxışlarında qeyri-neft sektorunun inkişafının və daxili iqtisadiyyatın yüksəlməsinin vacibliyini vurğulayır. Bu gün ölkəmizdə ən inkişaf etmiş və ölkəyə böyük sərmayələrin yatırılmasına səbəb olan ən böyük sahə daşınmaz əmlak və tikinti sektorudur. Lakin sənədləşmələr zamanı baş verən problemlər səbəbindən bu sahə də artıq üzü çöküşə doğru gedir. Bəlkə də hər hansısa prosedur qaydalarına görə bu tip əmlaklar çıxarışla təmin oluna bilmir. Amma ən azından 100 minlərlə çıxarışı olmayan əmlaklara ilkin tanınma sənədi verilərsə, bu artıq ölkə büdcəsinə hər il yüz milyonlarla gəlir gətirə bilər. Yəni torpaq və əmlak vergiləri, sığortalanma, alqı-satqı zamanı vergilər, notarius və bank rüsumları, kommunal ödənişlər və sair".
Ekspert əlavə edib ki, əgər bu gün o əmlakların mövcud sahiblərinin sahiblik hüququ hər hansısa bir formada tanınmasa, bu, artıq gələcəkdə həlli mümkün olmayan 100 minlərlə problemə yol açacaq: "Vacib məsələ, yüksək gərginlik xətti keçən, neft buruqları olan və insan həyatı üçün təhlükəli digər ərazilər qadağan olunmuş ərazilərdir. Buradakı tikililərə birmənalı olaraq çıxarış verilə bilməz. Amma digər tikililərə çıxarış verilməlidir. Əgər bu mümkün deyilsə, ən azından vətəndaşlara ilkin sənəd olaraq həmin mülkiyyətin sahibi olduğuna dair hər hansı yeni sənəd növü verilməlidir. Belə olduğu halda həm dövlət büdcəsinə vergi və ödənişlər hesabına xeyir gələcək, həm də vətəndaşın əmlak üzərində hüquqları rəsmiləşəcək. Əksər hallarda sərəncam sahibi ilə əmlakın faktiki sahibi ayrı-ayrı şəxslər olur. Şəxs sərəncamla torpaq alır, daha sonra etibarnamə ilə onu bölüb digərlərinə satır. Hazırda sərəncamla ayrılmış torpaq sahələrində tikilmiş əmlaklar gələcəkdə ciddi mübahisələrə yol aça bilər. Əmlakın faktiki sahibi müəyyənləşdirilməli və onlara sənəd verilməlidir. Daşınmaz əmlak sahəsi Azərbaycanda qeyri-neft sektorunda ən çox gəlir gətirən sahədir. Nəzərə almalıyıq ki, artıq paytaxtın yeni baş planı təsdiqlənib və müəyyən tikinti-söküntü işləri aparılacaq. Gələcəkdə mübahisələrin yaranmaması üçün əmlakların tanınması vacibdir".
Millət vəkili Vahid Əhmədovun dediyinə görə, sənədsiz evlərlə bağlı məsələ illərdir ki, müzakirə obyektidir: "Milli Məclisdə mütəmadi bu məsələyə toxunmuşuq. Əmlak Məsələləri Dövlət Xidməti və Bakı Şəhəri İcra Hakimiyyəti bununla məşğul olur. Son vaxtlar təxminən 50 minə yaxın sənədsiz evə sənəd verilib, amma bu evlərin araşdırılmasına ehtiyac var. Prezident İlham Əliyevin sənədsiz evlərlə bağlı xüsusi göstərişi var. Evlərə sənəd verilməlidir, amma bəzi hallarda bu, qeyri-mümkündür. Çünki bəzi fərdi yaşayış evləri elektrik xətlərinin altında, bəziləri qaz borularının və neft borularının üstündə, bəziləri sürüşmə zonalarında tikilib. Ona görə də bu evlərlə bağlı problem yaşanır. Hesab edirəm ki, hər nə olur olsun, əgər vətəndaş həmin ərazilərdə ev tikib yaşayırsa, ona mütləq ya kompensasiya verilməli, ya da evlə təmin olunmalıdır. Vətəndaş küçədə qalmalı deyil ki. Bu məqamlar nəzərə alınmalı və problem həll olunmalıdır".
Sevinc QARAYEVA