|
|
|
|
"Suriya böhranı ilə bağlı Türkiyə-Rusiya münasibətləri özünün mürəkkəb dövrünü yaşayır. İki dövlət strateji tərəfdaşdır.
Türkiyə NATO üzrə tərəfdaşlarından fərqli olaraq Ukrayna böhranı ilə əlaqədar Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Təbii ki, Türkiyənin bu addımı rəsmi Vaşinqtonu və rəsmi Brüsseli ciddi narahat edib". Bu barədə Türkiyə-Rusiya münasibətləri barədə danışan millət vəkili, politoloq Elman Nəsirov deyib. İki dövlət arasında mövcud olan strateji tərəfdaşlıq məsələlərinə toxunan E.Nəsirov bildirib ki, Türkiyə-Rusiya arasında iqtisadi ticarət dövriyyəsinin həcminin qarşılıqlı razılaşma əsasında 100 milyard dollara çatdırılması planlaşdırılır: "Hazırda isə bu 35-38 milyard dollar ətrafında dəyişir. Türkiyə ilk atom elektrik stansiyasının tikintisini rusiyalı mütəxəssislərə həvalə edib və bu, atom enerjisi sahəsində nəhəng layihənin reallaşmasında iki dövlətin bir yerdə olduğunu təsdiqləyib". Suriya böhranı ilə bağlı tərəflərin mövqeyinin 180 dərəcə fərqli olduğunu qeyd edən politoloqun sözlərinə görə, Rusiya Suriyada legitim hakimiyyət kimi Əsəd rejimini tanıyır, İŞİD-ə qarşı mübarizənin önündə Bəşər Əsəd qüvvələrinin dayandığını bildirir və İŞİD-ə qalib gəlmək istəyən dünyanın bu prosesdə Əsədi dəstəkləməli olduğunu təkidlə vurğulayır: "Türkiyə və müttəfiqlərinin mövqeyi isə belədir: Suriyada Bəşər Əsəd rejiminin legitimliyi yoxdur, onun əli xalqının qanına bulaşıb və Əsədlə İŞİD eyni pulun ikitərəfidir".
Politoloq Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsinə gətirib çıxaran hadisə barədə də şərh verib: "Rusiyaya məxsus Su-24 bombardmançı təyyarəsinin Türkiyə silahlı qüvvələrinin F-16 qırıcı təyyarələri tərəfindən vurulmasından sonra bu iki dövlət arasında qarşıdurma mühiti yarandı. Bu hadisədə də tərəflər tamamilə fərqli mövqeyə malikdirlər. Türkiyə tərəfi bildirir ki, rus təyyarəsinin ölkə sərhədlərini dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, ard-arda pozması belə bir nəticəyə gətirib çıxardı. Rusiya isə israrla bildirir ki, onlara məxsus təyyarə Türkiyə sərhədindən kənarda uçuşlar edərək İŞİD mövqelərinə zərbələr endirməklə məşğul olub. Yəni, bu, Türkiyənin təhlükəsizliyinə heç bir təhdid yaratmayıb".
Tərəflərin belə məqamda soyuqqanlı olmalarının vacibliyini bildirən E. Nəsirov istənilən halda bunun mənfi nəticələrə səbəb olacağını vurğulayıb: "Hadisədən dərhal sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən səsləndirilən kəskin ittihamlar, həmçinin rus müxalifətindən Jirnovskinin təhdid dolu bəyanatları iki dövlət arasında münasibətlərə xələl gətirə bilər. Türkiyə dərhal üzvü olduğu NATO-ya məlumat verdi və üzv dövlətlərin təcili toplantısını çağırdı. Hətta rusiyalı ekspertlər belə fikirlər səsləndirir ki, Türkiyəyə məxsus təyyarələr də tez-tez Suriya üzərindən uçuşlar edir və Rusiyanın həmin təyyarələri vurması da hazırkı hadisəyə adekvat ola bilər. Həqiqətən də vəziyyət getdikcə dramatik hal alır".
Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Yaxın və Orta Şərq regionunda növbəti daha təhlükəli müharibə, münaqişə ocağının yarana biləcəyini deyən E. Nəsirov, bunun Cənubi Qafqaz regionuna da ciddi təsirinin qaçılmaz olacağını deyib: "Cənubi Qafqazın hər üç ölkəsi Türkiyə ilə, ikisi isə İranla həmsərhəddir. Belə mürəkkəb vəziyyətdə fərqli ssenarilərin reallaşacağı da gözlənilir. İki dövlət arasında yaranmış gərginlik Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərəcək. Nəzərə alsaq ki, Rusiya tənzimləmə prosesində həmsədr ölkədir, Türkiyə isə münaqişədə Azərbaycanı dəstəkləyir. Belə olan halda Azərbaycan Türkiyə və Rusiya arasında yaranmış gərgin vəziyyətin qısa zamanda aradan qaldırılmasında, yenidən dostluq münasibətlərinin qurulmasında maraqlıdır".
PƏRVANƏ