Sentyabrın 15-i 2004-cü ildən Azərbaycanda Bilik günü kimi qeyd olunur.
Azərbaycan prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində yeni dərs ilinin sentyabrın 15-dən başlanması qərara alınıb.
1918-ci il. Nuru Paşanın komandanlığı altında Azərbaycan-türk (Osmanlı) hərbi qüvvələrinin Qafqaz İslam Ordusu Bakını “Sentrokaspi diktaturası” hökumətindən və daşnak tör-töküntülərindən təmizləyib.
1918-ci ilin aprel-iyul aylarında Bakı Şaumyanın başçılıq etdiyi “Bakı Kommunası”nın, avqustun 1-dən isə ingilislərin dəstəyi ilə qurulmuş eser-menşevik-daşnak “Sentrokaspi” hökumətinin nəzarətində idi.
Qafqaz İslam Ordusu hissələrinin Bakıya hücumu öncəsi (14 sentyabr) ingilis hərbçilərin son dəstəsi də şəhəri tərk etmişdi.
Bakının azad olunması Azərbaycanın istiqlal tarixinin şanlı səhifəsi oldu. Milli hökumət Gəncədən Bakıya köçdü və Bakı Xalq Cümhuriyyətinin paytaxtı elan edildi.
1918–ci il. Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti, Cümhuriyyət parlamentinin orqanı olan “Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxıb.