|
|
|
|
Xəbər verdiyimiz kimi, mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Mötəbər tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Mehriban Əliyeva qeyd edib ki, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları Azərbaycanın dinamik inkişafında yeni parlaq səhifədir və beynəlxalq idman ictimaiyyəti üçün növbəti tarixi hadisədir: "İdmana yatırdığımız böyük sərmayə dünya səviyyəsində bacarıqları mənimsəməklə, qurğuları və infrastrukturları yaratmaqla gələcək üçün böyük irsi təmin etdi. Bu axşam biz İslam aləmini bir araya gətiririk. Azərbaycan bu ali missiyanı öz üzərinə götürməkdən fərəh hissi duyur. Biz minillikləri əhatə edən mədəniyyətə və güclü İslam ənənələrinə malik qədim diyarıq. Eyni zamanda, biz gənc, müasir və sürətlə inkişaf edən ölkəyik. Ötən il Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi. Ölkəmizin multikultural tarixi açıq, tolerant cəmiyyətimizin ən ülvi hissəsidir. Biz İslam tarixi və irsinin bir hissəsi olmaqdan, İslam dəyərlərini bölüşməkdən fərəhlənirik".
Təşkilat Komitəsinin sədri bildirib ki, Azərbaycan iki il öncə Birinci Avropa Oyunları çərçivəsində bütün Avropa qitəsini bir araya gətirərək tarix yazıb: "İndi isə biz dörd qitənin İslam dünyasının insanlarını Bakıda - IV İslam Həmrəyliyi Oyunlarında birləşdiririk. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilib. "Bakı-2017" İslam Həmrəyliyi Oyunları və idmanın qüdrəti xalqlarımızı İslamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirib. Gücümüz həmrəylikdədir! Bu ruhlandırıcı mesajı Oyunlarımız Azərbaycanın hüdudlarından çox uzaqlara göndərəcək".
Yusif Əl-Osaymin isə öz çıxışında qeyd edib ki, bu tədbir İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə idmanın təşviq olunmasına töhfə verəcək, İslam aləmində gənclərə dəstək olacaq: "Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan olunması ilə üst-üstə düşür və bu, Azərbaycanın nəinki üzv dövlətlərdə gənclər və idmanın inkişaf işinə sadiqliyini göstərir, o cümlədən, bu ölkənin multikulturalizmin gücləndirilməsində, eləcə də mədəniyyətlərarası dialoqun və sivilizasiyalararası ünsiyyətin möhkəmləndirilməsində, idman vasitəsilə İslam dəyərləri barədə biliklərin qlobal səviyyədə yayılmasında fəal iştirakını nümayiş etdirir. İslam Həmrəyliyi Oyunları dünyada ən iri idman tədbirlərindən biridir. Çünki bu oyunlar müxtəlif mədəniyyətlərə malik fərqli ölkələrdən gəlmiş, təxminən 4000 atleti bir araya gətirir. Bu, İslam həmrəyliyini əyani şəkildə nümayiş etdirir. Bu, İslamın əsl mahiyyətini, onun sülh və tolerantlıq dini olduğunu əks etdirir. Bu, mədəniyyətlərindən və fərqlərindən asılı olmayaraq, xalqlar arasında birlik, harmoniya, dostluq tellərini və dinc şəraitdə yanaşı yaşamaq tərzini gücləndirir".
Daha sonra dövlət başçısı İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarını açıq elan edib. Bununla da bütün dünya, İslam aləmi Bakıda bu mötəbər tədbirin yüksək səviyyədə açılış mərasiminin şahidi olub.
Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, "Formula 1" kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi kimi tanınır. "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil məhz bu sahədə qazanılan zəngin təcrübədir.
Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak edir. Bu rəqəmlər özlüyündə bir rekorddur. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.
Mötəbər tədbirlə bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, İslam Həmrəyliyi oyunlarının ölkəmizdə keçirilməsi təkcə idman deyil, eyni zamanda böyük beynəlxalq ictimai-siyasi, mədəni və humanitar əhəmiyyətli hadisədir: "Müsəlman ölkələrində baş verən indiki acınacaqlı proseslərin fonunda Azərbaycanın bu ölkələrin idman yarışlarını təşkil etməsi, onları bir araya gətirməsi və birləşdirici funksiyanı öz üzərinə götürüb nümunə göstərməsi ölkəmizin artan beynəlxalq nufuzunun göstəricilərindən biridir. Oyunların açılışının və gedişinin dünyanın müxtəlif ölkələrin KİV-lərində işıqlandırılması ölkəmiz haqqında düzgün informasiyanın yayılmasına, turist axınına xidmət edir, ölkəmizə siyasi, iqtisadi, maliyyə, humanitar və mədəni fayda gətirir".
Deputat Hikmət Babaoğlu isə qeyd edib ki, Beynəlxalq münasibətlər sistemində Azərbaycana münasibətdə dünyanın baxışı bəzən İslama baxışla indefikasiya olunur. O, SİA-ya bildirib ki, ona görə də istənilən halda mütləq biz nəzərə almalıyıq ki, Azərbaycan bizim milli dövlətimizdi, eyni zamanda müsəlman ölkəsidir: "Müsəlman ölkələrinin, mədəniyyətinin, İslam mədəniyyətinin, İslama baxışın ümumi forması, yanaşması elə bizə yanaşmada da tətbiq olunur. Ona görə də Azərbaycan çalışır ki, bir daha dünyaya nümayiş etdirsin ki, İslam sülh dinidir, böyük bir mədəniyyətdir, sivilizasiya yaradıbdır. XX əsrin sonu, XXI əsrin əvvəllərində İslam dünyasına total - həm ideoloji, siyasi, həm də iqtisadi və mədəni müstəvidə bir hücum başlayıb. Əksər hallarda qərb mediası, qərbin informasiya resursları İslam dinini terrorla eyniləşdirməyə çalışırlar. Belə olan halda isə avtomatik olaraq o münasibət bizə də şamil edilir. Azərbaycanın məqsədi məhz bu imici qırmaqdır. Təsadüfi deyil ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi məhz İslam fəlsəfəsini, mədəniyyətini bir daha olduğu kimi dünyaya təqdim olunmasına hesablanıb. Çünki qısamüddətli kiçik bir təqdimatda İslam dünyasının bəşəriyyətə verdiyi töhfələr, İslam alimlərinin ixtiraları, İslam fəlsəfəsinin dünya fəlsəfəsinə gətirdiyi yeniliklər, müsəlman şərqində yaranan riyaziyyat elminin müasir texnologiyaların əsasında duracaq bəzi ixtira və kəşflərin məhz İslam sivilizasiyasından yarandığı və dünyaya yayıldığı məsələsi qoyuldu. Buna paralel olaraq, eyni zamanda qərb cəhalət dövrünü yaşayarkən qərb intibahına qədər olan mərhələdə İslam dünyası məhz antik mədəniyyəti öz üzərindən yenidən qərbə tanıtdı".
Deputat hesab edir ki, ümumiyyətlə bəşəriyyətin yaratdığı mədəniyyət birdir və ümumi insanlığa aiddir: "Ona görə də mədəniyyətləri bölüb müxtəlif fərqli sivilizasiyalara və ona qarşı total hücumlar təşkil etmək, birini digərinə nisbətdə layiq olmadığı bir mərtəbədə göstərmək, gözdən salmaq doğru deyil. Düşünürəm ki, nəticə etibarilə Azərbaycanın həyata keçirdiyi bu addım, təbliğat üsulu unikal bir üsuldur. Oyunlar təkcə Azərbaycana siyasi dividentlər gətirməyəcək, eyni zamanda bütün müsəlman dünyasını olduğu kimi dünya ictimaiyyətinə təqdim etməklə həm də müsəlman dünyasına xeyli dividentlər gətirəcək. Əlbəttə ki, bizim üçün ən çox önə çıxan hazırda ölkəmizin milli maraqlarıdır. Bu, həmişə belə olub. Hər bir ölkənin aldığı qərarlar ilk növbədə onun milli maraqlarına hesablanaraq alınır. Təsadüfi deyil ki, prezident İlham Əliyev Azərbaycanın xarici siyasətini şərh edərkən deyib ki, bizim xarici siyasətimizə bəzən balanslaşdırılmış xarici siyasət deyirlər. Bu konteksdən yanaşanda ümumi İslam mədəniyyətinin tərkib hissəsi kimi Azərbaycanın burada özünün milli mədəniyyəti də önə çəkilir".
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi barədə qərar 2013-cü ilin iyulunda İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında qəbul olunub. 2015-ci il sentyabrın 18-də Prezident İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə Sərəncam imzalayıb. Ötən müddətdə Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Oyunlara geniş hazırlıq işləri görülüb. Bakının 16 idman arenasının hər biri yarışlara yüksək səviyyədə hazırlanıb və digər zəruri təşkilati tədbirlər həyata keçirilib. Tam əminliklə demək olar ki, "Bakı-2017" İslamiadanın tarixinə ən möhtəşəm idman bayramı kimi yazılacaq.
Ceyhun ABASOV