|
|
|
|
Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsinin “Türkologiya və altayşünaslıq” kafedrasında “Türkologiya bu gün – çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycanın Bolqarıstandakı Səfirliyindən verilən məlumata görə, “Türkologiya” ixtisasının 65 illik yubileyi çərçivəsində baş tutan iki günlük tədbir universitetin Şərq dilləri və mədəniyyətləri Mərkəzində təşkil olunub.
Konfransın açılışında çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova dünya sivilizasiyasına böyük töhfələr vermiş və dünyanın müxtəlif bölgələrində yaşayan türkdilli xalqların sayının 250 milyondan artıq olduğunu, əsrlər boyu bu xalqların bir-biri ilə sıx əlaqədə olaraq, öz dillərini, adət-ənənələrini, mədəniyyətlərini yaşada bildiyini qeyd edib. Azərbaycanın türk dünyasında hər zaman vacib rola malik olduğunu vurğulayan səfir dünya elminin, xüsusən də türk dünyasının böyük elmi hadisəsi olan Birinci Türkoloji Qurultayın 1926-cı ildə məhz Azərbaycanda, Bakıda keçirildiyi barədə tədbir iştirakçılarına məlumat verib. O, qurultayın türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi dəyərlərinin inkişaf etdirilməsinə və türkologiya elminə verdiyi töhfədən bəhs edib.
N.Qurbanova dilin hər bir xalqın milli varlığını təsdiq etdiyi kimi, Azərbaycan dilinin də xalqımızın milli varlığını müəyyən edən başlıca amillərdən biri olduğunu vurğulayaraq, tarix boyu türk dilləri içərisində seçilən Azərbaycan dilinin özünəməxsusluğundan söz açıb. O bildirib ki, XVI əsrdə Səfəvilər dövlətinin rəsmi dövlət dili səviyyəsinə yüksələn Azərbaycan dili 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə dövlət dili elan edilib. O, çıxışında rus şairi M.Y.Lermontovun “Fransız dili ilə Avropanı gəzib dolaşmaq mümkün olduğu kimi, Azərbaycan dili ilə də Asiyanı bütövlükdə gəzib dolaşmaq olar” fikrini xatırladaraq, dilimizin gözəlliyindən bəhs edib.
Digər natiqlər Sofiya Universitetində “Türkologiya” ixtisasının böyük nüfuza malik olduğunu, əhəmiyyətli uğurlara imza atdığını, bu qəbildən olan tədbirlərin mədəniyyətlərarası dialoqa töhfə verdiyini bildirib və bu ixtisasın keçdiyi inkişaf yolundan, universitetdə “Türkologiya” ixtisasının əsasını qoyan prof. Emil Boyevin fəaliyyətindən, 65 il ərzində “Türkologiya və altayşünaslıq” kafedrasının türkoloji mərkəz kimi Bolqarıstanda şərqşünaslığa verdiyi töhfələrdən bəhs ediblər. Bildirilib ki, hazırda bakalavr proqramında Azərbaycan, Türk və Qazax dilləri tədris olunur və məhz bu amil “Türkologiya” ixtisasını Balkan yarımadasında özünəməxsus edir.
Daha sonra iştirakçılar müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
C.ABASOV