|
|
|
|
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik Avstriyadan İtaliyaya keçib.
Rəsmi Roma 2018-ci il ərzində təşkilata rəhbərlik edəcək. İtaliyanın ATƏT-dəki sədrliyinin əsas prioritetləri regiondakı mövcud münaqişələrin həlli, radikallaşmaya, zorakı ekstremizmə və terrorçuluğa qarşı mübarizə, eləcə də etimadın bərpası olacaq. Rəsmi Romanın bu məsələ ilə bağlı xüsusi bəyanatında qeyd olunub ki, Ukraynanın şərqindəki vəziyyətin Minsk razılaşmaları və danışıqların Normand formatına uyğun şəkildə nizamlanmasına tam siyasi dəstək veriləcək, Avropanın digər problemli nöqtələri olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı mövzularına xüsusi diqqət yetiriləcək.
ATƏT-ə sədrliyin İtaliyaya həvalə edilməsinə dair qərar hələ 2016-cı ilin iyulunda 57 üzv ölkə tərəfindən yekdilliklə qəbul edilmişdi. İtaliyanın o zamankı xarici işlər naziri Paolo Centiloni ölkəsinin sədrliyinin əsas vəzifələrinin Ukrayna böhranı və ATƏT məkanında dondurulmuş münaqişələrin həlli, miqrant və qaçqın probleminin nizamlanması olacağını bəyan etmişdi. İtaliyanın xarici işlər naziri vəzifəsində P.Centilonini əvəzləyən Ancelino Alfano həmin tezisləri dəfələrlə təkrarlayıb.
Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan hansısa dövlətin quruma sədrliyindən yox, ümumilikdə ATƏT-də problemin həlli ilə bağlı ciddi fəaliyyət gözləyir: "ATƏT-ə sədrlik bir il müddətinə təyin olunur. Bir il ərzində hansısa dövlətin böyük işlər görməsi mümkün deyil. Ancaq bununla belə Avropa dövlətləri ilə yanaşı, ABŞ və Kanadanı da özünə birləşdirən ATƏT bir təşkilat kimi problemin həllinə nail ola bilər. Çox təəssüf ki, bugünədək nə ATƏT, nə də qurumun daxilində fəaliyyət göstərən Minsk qrupu problemin həlli ilə bağlı ciddi mövqe ortaya qoyub".
A.Mirzəzadə bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etsə də, münaqişənin həllini bu iki ölkənin üzərinə atırlar: "Bu, beynəlxalq hüququn qeyri-işlək olması, təcavüzkar ilə işğala mərzu qalan ölkənin eyni tərəziyə qoyulmasıdır. Ona görə də, problemin həll olunması üçün sözügedən təşkilatın mövqeyində ciddi dəyişiklik olmalıdır".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə qeyd edib ki, Azərbaycanın Avropa İttifaqının üzvləri arasında ən böyük ticarət dövriyyəsi olan ölkə İtaliyadır: "İtaliya ilə Azərbaycanın illik mal dövriyyəsi həcmi təxminən 4 milyadr dollardır. Bu, çox böyük rəqəmlərdir".
Azərbaycanın son dövrlər həyata keçirdiyi enerji xətlərini İtaliyadan keçirməyə çalışdığını deyən M.Əhmədoğlu bildirib ki, Roma-Bakı münasibətləri ritorikanın az olduğu, iqtisadi mahiyyətin isə çox olduğu əlaqələrdəndir. Ona görə də İtaliyanın ATƏT-ə sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından yaxşı nəticələrin əldə olunacağına ümid verir".
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin vaxtilə İtaliyanın xarici işlər naziri olduğunu xatırladan politoloq deyib ki, hazırda Azərbaycan çalışır ki, ATƏT-in Minsk qrupunda Avropa İttifaqının rolu artsın: "Keçən ilin sonların ATƏT-dəki daimi nümayəndəliyimiz bu məsələ ilə bağlı xüsusi bəyanatla çıxış etmişdi. Bu mənada, biz ümid edirik, İtaliyanın ATƏT-ə sədrliyi dövründə Avropa İttifaqının Minsk qrupundakı rolu artacaq".
Mərkəz sədrinin sözlərinə görə, artıq bu məsələdə ilkin nəticələr var: "Yeni ilin əvvəlində İtaliya Xarici İşlər Nazirliyinin ATƏT-ə sədrliklə bağlı açıqladığı prioritetlərdə Azərbaycan üçün çox vacib məsələ qeyd olunub: "Sənəddə göstərilir ki, İtaliya ATƏT-ə sədrliyi dövründə Abxaziya, Cənubi Osetiya, Dnestryanı bölgə və Dağlıq Qarabağ problemiylə aktiv məşğul olacaq. Fərq bundandır ki, Avropa qurumları münaqişələri sadalayanda "Gürcüstan, Moldovanın ərazisindəki münaqişələr və Dağlıq Qarabağ problemi" qeyd edirdi".
Avropa İttifaqının keçən ilin noyabrın 24-də sənəd qəbul etdiyini deyən M.Əhmədoğlu bildirib ki, prezident İlham Əliyevin iradına uyğun olaraq bütün münaqişələrə eyni yanaşma ortalığa qoyulub: "Bu, artıq İtaliyanın ATƏT-ə sədrliyində özünü göstərəcək. Bu vaxta qədər isə ATƏT-ə sədrlik edən dövlətlər məsələni bu şəkildə qoymamışdı. İtaliya üçün Abxaziya, Cənubi Osetiya, Dnestryanı və Dağlıq Qarabağ münaqişəsi var. Yəni artıq ATƏT-də Moldova, Gürcüstan kimi Azərbaycanın probleminə ərazi bütövlüyü prizmasından yanaşılacaq".
Hələ ötən ilin ortalarından rəsmi İrəvanın İtaliyanın ATƏT-ə sədrliyindən narahat olmağa başladığını deyən politoloq qeyd edib ki, 2017-ci ilin iyun ayında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İtaliyanın ATƏT-ə sədrliyi ilə bağlı Romaya səfər etmişdi: "Xarici işlər nazirlərinin mətbuat konfransında rusiyalı jurnalist Edvard Nalbandyana sual ünvanladı ki, Ermənistan nə vaxt işğal etdiyi ərazilərdən çıxacaq. Bu, böyük bir skandala səbəb oldu və Edvard Nalbandyanın İtaliya səfəri onlar üçün gözlənilən nətcəni vermədi. Çünki İtaliyanın Dağlıq Qarabağ məsələsi ilə bağlı öz mövqeyi var və buna uyğun siyasət yürüdüləcək. Bu mövqe Azərbaycanın mövqeyinə yaxındır".
"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu isə qeyd edib ki, İtaliya rəsmiləri və Xarici İşlər Nazirliyi Dağlıq Qarabağla məşğul olacaqlarını artıq açıqlayıblar: "Bu ifadəni 25 il ərzində ATƏT-ə sədrlik edən bütün dövlətlər səsləndirib. Əsas sual budur: rəsmi Roma Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq nümayiş etdirə bilərmi? Yaxın keçmişdə ATƏT-ə sədrlik edən Qazaxıstan və Almaniyadan daha çox fəallıq umurduq. Alınmadı. Əlbəttə, Astana bəlkə də hamıdan çox Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək istəyirdi. Ancaq ATƏT-ə sədrlik simvolik xarakter daşıyır, nə qədər fəal olsan da, o birilərindən səs çıxmasa, nəticə olmayacaq. Əsas söz sahibi isə böyük dövlətlərdir ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək üçün heç nə etmirlər. Tutaq ki, İtaliya münaqişənin həlli məqsədilə "mərhələli həll" planının qəbulunu vacib saydı, ancaq Ermənistan "yox" deyəndən və Kreml həmin "yox"u gizli və açıq dəstəklədikdən sonra Roma nə edə biləcək?"
ATƏT-in Minsk qrupunun ilk illərdə sədrlərindən birinin məhz italiyalı deputat və diplomat Mario Rafaellinin olduğunu deyən E.Şahinoğlunun sözlərinə görə, o da münaqişənin həlli üçün ilk növbədə Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasını vacib hesab edirdi: "O vaxtdan 25 il keçib, dəyişən bir şey yoxdur".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Ceyhun ABASOV