|
|
|
|
Aprelin 5-dən 6-dək Azərbaycan növbəti dəfə beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi edib.
Paytaxt Bakıda dünyada sülhün və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda 18-ci Nazirlər Konfransı keçirilib. Hərəkatda iştirak edən, həmçinin, müşahidəçi statuslu dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvətli ölkə və təşkilatların təmsilçiləri olmaqla, ümumilikdə, 800-dən artıq şəxsin təmsil olunduğu konfrans bütün dünyanın diqqətini özünə cəlb edə bilib.
120 dövlətin üzv olduğu, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatının budəfəki xarici işlər nazirlərinin toplantısını önəmli edən amillərdən biri konfransın ev sahibi qismində müharibə şəraitində olmasına baxmayaraq, dünyada və regionda sülh və təhlükəsizliyə verdiyi böyük töhfələrlə daim diqqətlərini özünə cəlb edən, Ermənistandan başqa bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran, irimiqyaslı enerji, nəqliyyat layihələrinin təşəbbüskarı və aparıcı qüvvəsinə çevrilən Azərbaycanın çıxış etməsi idi. Həm də bu mötəbər qurumun növbəti sədri (2019-2022-cu illər) kimi gələn il təşkilatın zirvə görüşünü təşkil edəcək dövlətimizin bu ali tribunadan dünyaya verdiyi mesajlar ikiqat önəm, məna və məsuliyyət daşıyır. Çünki münaqişə ocaqlarının, dövlətlərarası qarşıdurmaların, humanitar böhrən və fəlakətlərin yeni qlobal çağırışlara ehtiyac yaratdığı müasir dövrdə Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırıb. Hərəkat daxilində razılaşdırılan mövqe, qəbul olunan qərarlar BMT müstəvisində heç də az əhəmiyyət daşımır. Dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatının dünya, ayrı-ayrı region və ölkələr üçün qəbul olunan qərarların qəbuluna ciddi təsirləri var. Bu mənada, heç şübhəsiz ki, vaxtilə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi təmsil olunmuş, ona müvəqqəti sədrlik etmiş Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın güclənməsinə əsaslı töhfələrini verəcək.
Konfransda əldə olunan ən əhəmiyyətli nəticələrindən biri də Yekun Bakı Sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin öz əksini tapmasıdır. Sənəddə nazirlər BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə ediblər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq ediblər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırış ediblər.
Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Bəxtiyar Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatının 18-ci nazirlər konfransının Azərbaycanın sədrliyi ilə Bakıda keçirilməsi və xüsusən də Azərbaycanın dünyada qarışıq bir dövrdə bu tədbirə ev sahibliyi etməsi dövlətimizin stabil olaraq inkişaf etdiyini, beynəlxalq siyasətdə çox önəmli əhəmiyyətə malik olduğunu və ciddi bir siyasi aktora çevrildiyini göstərir. O, "Trend"ə bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həll edilməməsinin bu gün dünya üçün böyük bir təhlükə olmasının Bakı konfransının yekun sənədində qeyd olunması və eyni zamanda, konfransda indiyə qədər Ermənistan kimi dövlətin işğalçı siyasətinin qarşısının alınmamasının və ona sanksiyaların tətbiq edilməməsinin qeyd olunması bir daha onu göstərir ki, artıq dünyada bir çox dövlətlər ikili standartlara son qoyulmasını tələb edir: "Bu baxımdan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın tutduğu ədalətli mövqe bir daha dəstəklənib. Bu, həm də sübut edir ki, Azərbaycan düzgün siyasət həyata keçirir".
Deputat Aydın Hüseynov isə bildirib ki, Qoşulmama Hərəkatının nazirlər konfransının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun göstəricisidir: "Bu konfransın Azərbaycanda keçirilməsi ölkəmizin həm iqtisadi, həm də siyasi uğurudur".
Deputat vurğulayıb ki, Azərbaycan bu konfransa ev sahibliyi etməklə dünyada sülhün və sabitliyin təmin olunmasına daha bir töhfə vermiş olub: "Konfransın yekun sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının vacibliyinin qeyd edilməsi, əlbəttə, xüsusi vurğulanmalıdır və bu ölkəmizin daha bir uğurudur. Ümumilikdə, bu, tədbirin ölkəmizdə keçirilməsinin faydaları olduqca çoxdur. Dünyanın müxtəlif yerlərindən siyasətçilərin Azərbaycanda toplanması və onların ölkəmizlə daha yaxından tanış olması ölkəmizin dünyada təbliği baxımından vacib əhəmiyyət kəsb edir".
Deputat Elman Nəsirov da hesab edir ki, Qoşulmama Hərəkatının "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda aralıq nazirlər konfransının Yekun Bakı Sənədində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələdə Azərbaycanın mövqeyinin ortaya qoyulması və iştirakçı ölkələrin xarici işlər nazirlərinin bu mövqeyi dəstəkləməsi rəsmi Bakı üçün olduqca böyük əhəmiyyət kəsb edir.
Tərkibinə 120 dövlətin daxil olduğu Qoşulmama Hərəkatına Azərbaycanın 2011-ci ildə tamhüquqlu üzv olduğunu deyən E.Nəsirov qeyd edib ki, bu təşkilat üzvərinin sayına görə 2-ci ən böyük təşkilatdır: "Azərbaycan Qoşulmama Hərəkatında uğurla fəaliyyət göstərir. Bu il Qoşulmama Hərəkatının nazirlər konfransı Bakıda keçirilib. Gələn il isə Qoşulmama Hərəkatına üzv olan dövlətlərin başçılarının zirvə görüşü Bakıda keçiriləcək. 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik funksiyasını öz üzərinə götürəcək. Bu baxımdan, Qoşulmama Hərəkatında təmsilçilik Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir"
E.Nəsirov əlavə edib ki, Qoşulmama Hərəkatına üzv dövlətlər beynəlxalq təşkilatlarda Azərbaycanı hər zaman müdafiə edirlər: "Qoşulmama Hərəkatı hər zaman Dağlıq Qarabağ münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Təşkilatın Azərbaycanda keçirilmiş konfransında qəbul edilmiş Yekun Sənəddə eyni yanaşma öz əksini tapıb. Bu, o deməkdir ki, Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin hamısı birmənalı şəkildə Azərbaycanın bu münaqişənin həlli ilə bağlı mövqeyini dəstəkləyir. Heç bir halda söhbət xalqların öz müqəddəratını təyin etmək hüququndan getmir. Hesab edirəm ki, Yekun Sənəddə bu mövqeyin ortaya qoyulması və iştirakçı ölkələrin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi Azərbaycan üçün olduqca böyük əhəmiyyət kəsb edir".
Qeyd edək ki, Qoşulmama Hərəkatı 1961-ci ildə yaradılıb. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. Təşkilatda 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat isə hərəkat yanında müşahidəçi statusuna malikdir.
Ceyhun ABASOV